Xəbər verdiyimiz kimi, ötən gün prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfərə gedib. Səfər çərçivəsində ölkə başçısı Abu Dabinin Vəliəhdi, Birləşmiş Ərəb Əmirliklərinin Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyan ilə görüşüb.
Görüşdə ölkələr arasında ikitərəfli münasibətlərin inkişafından söz açılıb, siyasi, iqtisadi, ticarət, investisiya qoyuluşu və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib. Turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.
Prezident İlham Əliyev Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə və bu ölkədən Azərbaycana gələn turistlərin sayının artmasından məmnunluğunu ifadə edib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirə aparılıb. Dövlət başçısı məlumat verib ki, uzun illərdir Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğalı olunub, bunun da nəticəsində 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
Dövlət başçısı münaqişənin beynəlxalq hüququn prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini vurğulayıb.
Prezidentin Abu-Dabi səfərini şərh edən politoloqlar hesab edirlər ki, ölkə başçısının səfəri zamanı neftin qiyməti və bu ölkənin ayırdığı kreditlərin Azərbaycan yönləndirilməsi məsələsi əsas müzakirə mövzularından olacaq.
Politoloq Fikrət Sadıqov hesab edir ki, Azərbaycan prezidentinin BƏƏ-yə səfəri zamanı neftin qiyməti əsas müzakirə mövzularından biri olacaq: “Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında müzakirə olunacaq kifayət qədər vacib siyasi, iqtisadi, strateji məsələlər var. Birləşmiş Ərəb Əmirlikləri Fars körfəzində yerləşən ən qabaqcıl, inkişaf etmiş dövlətlərdəndir. Səfər zamanı terrorizmə qarşı mübarizə, bu ölkənin regionda rolu və yeri, Azərbaycanla müxtəlif istiqamətlərdə münasibətlər, eyni zamanda neftin qiyməti ilə bağlı məsələ geniş müzakirə mövzusu ola bilər. Azərbaycanın rolu körfəz ölkələri tərəfindən müsbət qiymətləndirilir. Çünki, Azərbaycan bu ölkə üçün vacib partnyordur”. 
Politoloq Qabil Hüseynlinin fikrincə, prezident İlham Əliyevin Abu-Daiyə səfəri sırf iqtisadi xarakter daşıyır: “İndiki mərhələdə Birləşmiş Ərəb Əmirliklərinin, xüsusən də Dubay təcrübəsinin öyrənilməsinə ehtiyac var. Azərbaycan azad iqtisadi zona yaratmaq istəyir. Çox güman ki, azad iqtisadi zonanın şərtlərini, necə yaradılması və gələcəkcə Azərbaycana tətbiq edilməsi məsələsi prezidentin görüşlərində müzakirə olunub”.
Politoloqun sözlərinə görə, bundan sonra Azərbaycanla BƏƏ arasında ikitərəfli münasibətlərə böyük diqqət yetiriləcək.
“Hər iki ölkə arasında bir çox sahələrdə, əsasən qarşılıqlı ticarət sahəsində əlaqələrin inkişafı ilə əlaqədar müqavilənin imzalanması nəzərdə tutulur. Əsas məqsəd Dubay təcrübəsini öyrənmək, hazırkı vəziyyətdə ölkədə gedən iqtisadi islahatlarla bağlı Dubayın azad iqtisadi zonası təcrübəsini Azərbaycanda tətbiq etməkdir”.
7News.Az








