RU
Prezident: Azərbaycan bundan sonra da inkişaf yolu ilə gedəcək
17:59
441

Prezident: Azərbaycan bundan sonra da inkişaf yolu ilə gedəcək

Biz artıq xammal yox, hazır məhsul ixrac edəcəyik”.

Sumqayıt kimyaçılar şəhəri kimi salınmışdır. Bu gün Sumqayıt Azərbaycanın böyük sənaye mərkəzinə çevrilibdir. Bu gün Sumqayıtda yeni müəssisələr, güclü sənaye potensialı yaradılır, iş yerləri açılır. Bu gün bir yeni zavodun açılışında, bir böyük zavodun təməlqoyma mərasimində iştirak etmişəm. Hər iki zavod Azərbaycanın sənaye potensialının inkişafı üçün çox böyük əhəmiyyətə malikdir.

Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Sumqayıtda “Azərikimya” İstehsalat Birliyinin etilen-polietilen zavodunda yeni qurğuların işə salınması mərasimində iştirakı zamanı deyib.

Dövlət başçısı “SOCAR Polymer” zavoduna 750 milyon dollar sərmayə qoyulacağını bildirib.

“Bu sərmayə öz növbəsində, yeni iş yerlərinin açılmasına, yeni sənaye sahələrinin yaradılmasına gətirib çıxaracaqdır. Bu, çox böyük investisiya layihəsidir və əminəm ki, vaxtında icra ediləcək. Beləliklə, Azərbaycanda çox güclü sənaye potensialının inkişaf etdirilməsində növbəti önəmli addım atılacaqdır.

Eyni zamanda, bu gün hidrotexniki avadanlıqlar zavodunun açılışını qeyd etdik. Bütün bu işlər Sumqayıt Kimya Sənaye Parkında görülür. Bir neçə il bundan əvvəl mənim Sərəncamımla Sumqayıtda Kimya Sənaye Parkının yaradılması haqqında işlər görülməyə başlanmışdır. Bu gün artıq biz bu işlərin birinci nəticələrini görürük. Əminəm ki, Sumqayıt Kimya Sənaye Parkı bir neçə ildən sonra tam gücü ilə işləyəcək.

Parkın ərazisi tamamilə təmizlənib. Parkda artıq ilk müəssisələr yaradılır. Növbəti illərdə həm daxili, həm xarici investisiyalar hesabına milyardlarla dollar həcmində sərmayələr qoyulacaq. Artıq 1 milyard dollardan çox məbləğin qoyuluşu nəzərdə tutulur və bu da ölkəmizin ümumi inkişafını göstərir. Çünki həm xarici, həm yerli investorlar ölkəmizin gələcəyinə inanırlar. İnanırlar ki, Azərbaycan bundan sonra da inkişaf yolu ilə gedəcək.

Kimya sənayesi, müasir texnologiyalar, qeyri-neft sektorunun inkişafı ölkə iqtisadiyyatını irəliyə aparacaq əsas amillərdir. Ölkə iqtisadiyyatı isə ilk növbədə, sənaye istehsalından asılıdır və şadam ki, bu gün Azərbaycanda yaradılan müasir müəssisələr ən yüksək standartlara cavab verir. Bizim siyasətimiz bundan ibarətdir. Sənayeləşmə siyasətinin aparılması üçün bizdə güclü iradə var. Eyni zamanda, burada yaradılan və yaradılacaq şəraitdən özəl qurumlar da istifadə edəcəklər. Çünki biz artıq xammal yox, hazır məhsul ixrac edəcəyik. Kiçik və orta sahibkarlar üçün də çox böyük imkanlar yaradılacaq. O məhsullar ki bu günə qədər idxal edilirdi, artıq Azərbaycanda istehsal olunacaq və bütün bu işləri görmək üçün çox böyük tədbirlər planı icra edilir. İlk növbədə, Azərbaycanda investisiya iqlimi müsbətdir, digər tərəfdən, dövlət vəsaiti qoyulur, özəl sektor da bu işlərdə fəal iştirak edir”, - Azərbaycan prezidenti qeyd edib.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ