RU
Prezident Qəbələdə “ASAN xidmət”in açılışını etdi
17:30
2350

Prezident Qəbələdə “ASAN xidmət”in açılışını etdi

Prezident İlham Əliyev avqustun 10-da Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Qəbələ regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib.

Dövlət  başçısına məlumat verilib ki, Qəbələ regional “ASAN xidmət” mərkəzinin dördmərtəbəli binasının tikintisi yüksək standartlara uyğun həyata keçirilib. Mərkəz rayonun Elçin Kərimov küçəsi 79 ünvanında, şəhərin infrastruktur obyektlərinə yaxın ərazidə yerləşir.

Prezident İlham Əliyev mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.

Mərkəzdə müstəqil Azərbaycanın inkişafında misilsiz xidmətləri olan Heydər Əliyevin büstü qoyulub.

Prezident İlham Əliyev yeni xidmətin işə başlamasını bildirən düyməni basıb.

Dövlət başçısı binada yaradılan şəraitlə tanış olarkən bildirilib ki, “ASAN xidmət” mərkəzinin fəaliyyətindən Qəbələ də daxil olmaqla, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, İsmayıllı, Ağsu, Şamaxı və Qobustan rayonları ərazisində qeydiyyatda olan vətəndaşlar, ümumilikdə 902 min 435 sakin yararlanacaq.

Mərkəzdə Prezident İlham Əliyev yeni layihələrlə də tanış olub.

Dövlət başçısının diqqətinə çatdırılıb ki, Azərbaycan və ingilis dillərində dərc edilən “ASAN” jurnalı üçün nadir qeydiyyat nömrəsi olan beynəlxalq standart seriya nömrəsi əldə olunub və beynəlxalq reyestrə daxil edilib.

Yeniliklərdən biri də “ASAN VİSA” portalıdır. Bu portal vasitəsilə vizaların verilməsinin tam elektronlaşdırılması və sadələşdirilməsi həyata keçiriləcək. Əcnəbilər sadəcə üç addımda onlayn vizanı elektron formada üç iş günü ərzində alacaqlar.

Artıq “ASAN i-LAB” innovasiya laboratoriyası da hazırdır. “i-LAB” innovativ texnologiyalar və proqram təminatı yaradılması ilə bağlı layihələri cəlb edərək onların reallaşdırılması, hazır məhsul istehsalına dəstəyin göstərilməsi və məhsulun yerli və xarici bazarlara çıxarılmasına xidmət edən innovasiya laboratoriyasıdır.

“BAŞLA” layihəsi çərçivəsində isə istənilən sahəyə aid olan kiçik biznes ideyalarının cəlb edilməsi, maliyyələşdirilməsi və reallaşdırılmasına dəstək göstəriləcək.

Yeni layihələr arasında “Cücələrim inkibatoru” da var. Layihənin məqsədi köhnə soyuducuların yenidən istehsala cəlb olunması və onlardan ev quşları təsərrüfatlarının yaradılması üçün inkubatorlar istehsal edilməsidir.

Daha bir maraqlı layihə isə “i-LAB store”dur. Bu, “i-LAB” çərçivəsində istehsal edilmiş innovativ texnologiyalar və proqram təminatları haqqında məlumatların yerləşdiyi vahid portaldır. Portalda informasiya texnologiyaları məhsullarının onlayn satışı da həyata keçiriləcək.

Prezident İlham Əliyevə “Ready 1.0-hazır sənəd” cihazı haqqında da məlumat verilib. Vətəndaşlar bu cihazlar vasitəsilə sənədlərin hazır olması barədə SMS, elektron poçt vasitəsilə real vaxt rejimində məlumatlandırılacaq, hazır sənədin verilməsi proseduru daha da səmərəli təşkil olunacaq.

Yeni layihələrdən biri də xilasetmə qolbağıdır. Suda batma zamanı istifadə edilən bu qolbaqlar GPS ilə təmin olunub, avtomatik işə düşmə xüsusiyyətinə malikdir.

“Sağlam yaşam platforması-çanta və portal” layihəsi isə vətəndaşlara qısa vaxtda 42 parametr üzrə müayinə olunmağa imkan verən bir sıra avadanlıqdan ibarət səyyar tibbi müayinə çantasıdır.

Diqqətə çatdırılıb ki, respublikamızda sayca onuncu mərkəz olan Qəbələ “ASAN xidmət” mərkəzində işçilərin ümumi sayı 200 nəfərdir ki, onların da 45 nəfəri könüllüdür.

Sonra Prezident İlham Əliyev Qəbələ rayon ictimaiyyətinin nümayəndələri və mərkəzin kollektivi ilə görüşüb.

7News.Az

Prezident Qəbələdə “ASAN xidmət”in açılışını etdi
Prezident Qəbələdə “ASAN xidmət”in açılışını etdi
Prezident Qəbələdə “ASAN xidmət”in açılışını etdi
Prezident Qəbələdə “ASAN xidmət”in açılışını etdi

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ