"Şadam ki, Şamaxı rayonunda işlər yaxşı gedir, böyük layihələr icra edilir. Onlardan biri də Şamaxı-Padar yoludur. Bu, çox böyük layihədir, böyük investisiyalar qoyulubdur. Əlli üç kilometrlik yoldur. İndi tam əsaslı şəkildə bərpa edilib və 16 kəndi birləşdirən rahat bir yol artıq Şamaxı sakinlərinə təqdim edilir”.
7news.Az-ın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham ƏliyevŞamaxıda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı deyib.
O bildirib ki, bu yolun həm sosial, həm də iqtisadi baxımdan çox böyük əhəmiyyəti var: "Bu yolun üstündə böyük kənd təsərrüfatı müəssisələri yaradılır. Şamaxı rayonunun yol infrastrukturu yaxşılaşır. Əvvəlki illərdə biz bir neçə kəndi birləşdirən yolların açılışını etmişik. Hazırda Bakı-Şamaxı yolu dörd zolağa genişləndirilir, çox rahat bir yol olacaq. Eyni zamanda, bu böyük yolun çərçivəsində bir neçə kəndə ayrıca yollar çəkilib. Yol inkişaf, həyat, rahatlıq deməkdir. Əlbəttə ki, kənd təsərrüfatı ilə məşğul olan fermerlər bu imkanlardan istifadə edib daha da yaxşı məhsul yetişdirəcəklər və öz məhsullarını daha da tez bir zamanda bazarlara çıxaracaqlar. Bu layihə bir çox layihələrin arasında önəmli yer tutur. Ancaq yeganə layihə deyil. Son illərdə Şamaxı rayonunda inkişafla bağlı çox böyük işlər görülür, quruculuq-abadlıq işləri həyata keçirilir. Şamaxının sosial infrastrukturu yaxşılaşır, müasir diaqnostika mərkəzi tikilibdir. Mərkəzi Rayon Xəstəxanası, Olimpiya İdman Kompleksi, bir çox məktəb binaları tikilib, yollar çəkilib, qazlaşdırma layihələri uğurla gedir. Məndə olan məlumata görə, qazlaşdırma təqribən 70 faizə çatıbdır, ondan da çoxdur, daha da artacaq”.
Prezident onu da bildirib ki, Şamaxı şəhərinin içməli su layihəsi də artıq öz həllini tapıb: "Bu, çox böyük, tarixi layihədir. Çünki içməli su hər bir insan üçün bəlkə də ən vacib məsələlərdən biridir. Biz Şamaxıda bu məsələni də həll etmişik. Bu gün, eyni zamanda, Qobustan şəhərinin içməli su layihəsi istifadəyə verilib. Ona görə bu layihə də infrastruktur layihələri arasında, əlbəttə ki, önəmli yer tutur. Elektrik enerjisi ilə bağlı məsələlər öz həllini tapır. Yəni, bir sözlə, yol, içməli su, elektrik, qazlaşdırma, səhiyyə, idman, təhsil məsələləri öz həllini tapıb. Eyni zamanda, hamımız yaxşı bilirik ki, Şamaxı bizim qədim diyarımızdır, tarixi şəhərimizdir. Qədim xəritələrdə Şamaxının adı var. Bu, bizim böyük sərvətimizdir. Şamaxı rayonunda yerləşən tarixi abidələr bizim milli sərvətimiz, dəyərimizdir. Mən onların arasında Şamaxı Cümə Məscidini xüsusi qeyd etməliyəm. Bu, Azərbaycanın ən qədim məscididir. Dünyanın ən qədim məscidlərindən biridir, 743-cü ildə tikilib və bir neçə il bundan əvvəl əsaslı şəkildə təmir olunub, yenidən qurulub, əlavə binalar inşa edilib. Şamaxı Cümə Məscidinin bütün müsəlman aləmi üçün böyük əhəmiyyəti var. Mən İslam Əməkdaşlıq Təşkilatının xətti ilə keçirilmiş bütün tədbirlərdə həm ikitərəfli münasibətlər əsnasında, həm də çıxışlarda qeyd edirəm ki, Azərbaycan qədim müsəlman diyarıdır, dünyanın ən qədim məscidlərindən biri də bizdə yerləşir. Bu gün, eyni zamanda, Dəmirçi kəndində qədim məscidin əsaslı bərpadan sonra açılışı olacaq. Bu, onu göstərir ki, Şamaxı rayonunda doğrudan da bir çox tarixi, dini abidələrimiz var. Biz onları qoruyuruq. İlk növbədə, Azərbaycan xalqı onları əsrlər boyu qoruyub. Bütün ictimai-siyasi quruluşlardan asılı olmayaraq, xalqımız bizim milli, dini dəyərlərimizi qoruyub. Bu gün isə müstəqil Azərbaycan dövləti onları qoruyur, saxlayır, bərpa edir. Bu gün Şamaxı rayonunun ölkəmizin tarixində və bugünkü həyatda çox böyük yeri və rolu var. Bütün Azərbaycan xalqı bunu yaxşı bilir”.
Dövlət başçısı qeyd edib ki, Şamaxının iqtisadi inkişafı ilə bağlı ciddi addımlar atılır: "Bu yolun üstündə yeni aqroparklar salınır. İndi mənə verilən məlumata görə, Şamaxı rayonunda üç aqropark artıq fəaliyyətə başlayıb. Aqroparklarla bağlı bizim siyasətimiz artıq bəyan edilib, ölkəmizdə 37 aqropark yaradılır. Onların bir neçəsi istifadəyə verilib. Aqroparklara texnika verilir, infrastruktur yaradılır. Özəl sektora kreditlər verilir, fermerlər, iş adamları da öz vəsaitini qoyurlar ki, tezliklə bitkiçilik və heyvandarlıq sahələrində daha da yaxşı nəticələr əldə edək. Bax, o 37 aqroparkın üçü Şamaxı rayonundadır. Birinin ərazisi 15 min hektar, digərinin ərazisi 1500 hektar, üçüncünün isə ərazisi 2 min hektardır. Yəni, 20 min hektara yaxın ərazidə kənd təsərrüfatı üçün gözəl imkanlar yaradılır. Həm insanlar işləyəcək, məhsul yetişdiriləcək, bolluq yaranacaq və ixrac imkanlarımız da genişlənəcək. Ona görə bu sahədə görülən işlər, əlbəttə ki, məni çox sevindirir. Eyni zamanda, son vaxtlar Şamaxı üçün ənənəvi sahə olan üzümçülük bərpa edilir, yeni üzüm bağları salınır. Mən bu gün onların birinə baxacağam. Burada 300 hektardan çox sahədə yeni bağlar salınıb. Bilirəm ki, digər böyük layihə də icra edilir, oranın da sahəsi təxminən 300 hektardan çoxdur. Biz Azərbaycanda üzümçülüyü bərpa edəcəyik və edirik. Şamaxılılar yaxşı bilirlər ki, 1970-ci illərdə Ulu Öndərin təşəbbüsü ilə bizim əsas üzümçülük mərkəzlərimizdən biri də Şamaxı olmuşdur. İnsanlar nə qədər xeyir götürdülər, evlər tikildi, avtomaşınlar, soyuducular alındı. Bütün bunlar o vaxt Heydər Əliyevin fəaliyyəti nəticəsində mümkün olmuşdur. Düzdür, indi biz başqa sahələrə də üstünlük veririk - maldarlıq, bitkiçilik, taxılçılıq. Bilirsiniz ki, o vaxt biz bu sahələri o qədər də inkişaf etdirmirdik. Çünki həm ət, həm süd başqa respublikalardan gəlirdi. İndi isə əkin sahələrinin bir hissəsi o məqsədlər üçün istifadə olunur. Ancaq üzümçülüyün çox böyük perspektivləri, ənənələri var və biz indi xarici bazarlara da çıxırıq. Biz artıq böyük kontraktlar imzalamışıq, dövlət kömək göstərir və üzümçülüyün bərpası Azərbaycanda sürətlə gedəcək. Burada da Şamaxı rayonu lider olmalıdır. Mən görürəm ki, burada üzümçülüyə böyük maraq var, belə də olacaq”.
Prezident onu da qeyd edib ki, Şamaxı turizmin inkişafı üçün çox böyük imkanlara malik olan bir rayondur: "Həm tarixi, dini abidələr var, yeni, gözəl, ən yüksək səviyyəyə cavab verən otellər tikilir. Bu gün Şamaxıda ölkəmizdə ilk dəfə olaraq Safari Parkı açılır. Bu da çox əlamətdar hadisədir. Çünki inkişaf etmiş ölkələrdə belə parklar var. Orada açıq şəraitdə heyvanlar, ceyranlar, marallar müşahidə olunur. Bizdə də Safari Parkı məhz Şamaxıda açılır. Dəmirçi kəndinin, - o da tarixi bir yerdir, - bərpası da artıq öz həllini tapıb. Ona görə turizmin inkişafı daha da sürətlə getməlidir. Çünki Şamaxının həm təbii şəraiti, iqlimi, gözəlliyi, Bakıya yaxınlığı, infrastruktur layihələrinin, otellərin mövcudluğu bunu şərtləndirir. Bax, rayon bu cür inkişaf edəcək - kənd təsərrüfatı, emal müəssisələri, turizm, sənaye istehsalı, aqroparklar. Əminəm ki, Şamaxı bundan sonra da uğurla inkişaf edəcək”.
***
Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevaəsaslı surətdə yenidən qurulan Pirqulu-Dəmirçi avtomobil yolunun açılışında iştirak ediblər.
7news.Az-ın məlumatına görə, "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov Pirqulu-Dəmirçi avtomobil yolunun texniki göstəriciləri barədə dövlət başçısına məlumat verib.
Bildirilib ki, görülən işlər nəticəsində Pirqulu-Dəmirçi avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla, 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Yolun hərəkət hissəsinin eni 3,5-4 metr, çiyinlər də daxil olmaqla, yol yatağının eni 7-8 metrdir. Yol boyunca müxtəlif diametrli 14 suötürücü boru tikilib ki, onların da ümumi uzunluğu 210 metrdir.
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.
Sonda xatirə şəkli çəkdirilib.
***
Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 2-də Şamaxı-Çöl Göylər-Padar avtomobıl yolunun açılışında iştirak edib.
7news.Az xəbər verir ki, "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlərlə bağlı məlumat verib.
Bildirilib ki, Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, ölkəmizin 2 magistral avtomobil yolu - M-2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi və M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolları arasında yeni bir bağlantı yaratmaq, respublikadakı turizm potensialından daha uğurlu istifadə etmək məqsədilə 2011-ci ildə 35,8 min nəfər əhalinin yaşadığı 18 yaşayış məntəqəsini birləşdirən Şamaxı-Çöl Göylər-Padar avtomobil yolunun tikintisinə başlanılıb. Yolun uzunluğu 53 kilometrdir. Görülən işlər nəticəsində Qazax-Kosalar avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla, 3-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Yolun hərəkət hissəsinin eni 7 metrdir. Bundan başqa, yol boyunca müxtəlif diametrli 53 suötürücü boru tikilib ki, onların da ümumi uzunluğu 795 metrdir. Avtomobil yolunda avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün zəruri olan yerlərdə 363 yol nişanı quraşdırılıb, 132,5 kilometr uzunluğunda yol-cizgi və yolgöstərici xətlər çəkilib.
Bildirilib ki, bu avtomobil yolunun tikintisi Aran iqtisadi rayonu ilə Dağlıq Şirvan iqtisadi rayonu arasında 53 kilometr uzunluğunda yeni avtomobil yolu əlaqəsi yaradacaq. Bu da indi istifadə edilən hərəkət marşrutları ilə müqayisədə orta hesabla 120-180 kilometr az məsafə qət etməyə, yanacağa və vaxta qənaət etməyə imkan verəcək.
Şamaxı-Çöl Göylər-Padar avtomobil yolunun tikintisi zamanı rayonun Adnalı və Çarxan kəndlərinə giriş yollarında təmir işləri aparılıb. Adnalı kəndinin dörd kilometrlik giriş yolu 4-cü texniki dərəcəyə uyğun inşa olunub. Çarxan kəndinin eyni texniki dərəcəyə uyğun inşa edilən giriş yolunun uzunluğu isə 3,2 kilometrdir. Adnalı və Çarxan kəndlərinə giriş yollarının təmiri 4,2 min nəfər əhalinin yaşadığı 2 kəndi birləşdirərək yük və sərnişin daşınmasını xeyli yaxşılaşdırmağa imkan verəcək.
Prezident İlham Əliyevə Şamaxı rayonunun Göylər-Quşçu avtomobil yolunun tikintisi barədə də məlumat verilib. Dövlətimizin başçısının 2017-ci ilin iyul ayında imzaladığı Sərəncama uyğun olaraq ümumi uzunluğu 11 kilometr olan Göylər-Quşçu avtomobil yolunun tikintisinə 3,9 milyon manat vəsait ayrılıb. Yol-tikinti işləri qısa müddət ərzində başa çatdırılıb. Hərəkət hissəsinin eni 6 metr olan bu yolun tikilməsi 14 min nəfər əhalinin yaşadığı 4 kəndi birləşdirərək yük və sərnişin daşınmasını xeyli yaxşılaşdırmağa imkan verəcək.
Dövlətimizin başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Sonra xatirə şəkli çəkdirilib. Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.
Daha sonra dövlət başçısı "Az-Qranata” MMC-yə məxsus üzüm bağları ilə tanış olub.
Azərbaycanda aparılan məqsədyönlü uğurlu siyasət nəticəsində iqtisadiyyatın formalaşdırılması ölkədə işgüzar fəallığın yüksəldilməsinə, qeyri-neft sektorunun sürətli inkişafına, yoxsulluğun azaldılmasına əlverişli şərait yaradıb, əhalinin etibarlı sosial müdafiəsini, maddi-rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını təmin edib. Prezident İlham Əliyevin hazırda intensiv metodlara əsaslanan aqrar sektorun yaradılmasına yönələn siyasəti, həyata keçirilən dövlət dəstəyi tədbirləri uğurlu nəticəsini verir. Bu, kənd təsərrüfatı məhsullarının istehsalının və ixracının artmasına, özünütəminetmə səviyyəsinin yüksəlməsinə səbəb olur. Üzümçülüklə bağlı həyata keçirilən tədbirlər də bunun əyani təsdiqidir.
Şamaxı rayonunda da əhalinin əksər hissəsi bitkiçilik və heyvandarlıqla məşğul olur. Bitkiçilikdə taxıl, kartof, tərəvəz, bostan, üzüm və meyvə məhsulları istehsalı üstünlük təşkil edir. Rayon üzümlükləri isə vaxtilə böyük şöhrət qazanıb. Belə ki, ötən əsrin 70-80-ci illərində Şamaxı Azərbaycanın ən böyük üzümçülük rayonlarından birinə çevrilib. Sonradan Sovet İttifaqının dağılması, 1990-cı illərin əvvəllərində ölkədə yaşanan gərginlik, baxımsızlıq iqtisadiyyatın digər sahələri kimi, üzümçülüyü də demək olar ki, sıradan çıxarıb. Hazırda bu gəlirli sahənin bərpası və yenidən inkişaf etdirilməsi xüsusi diqqət mərkəzindədir. Bu baxımdan Prezident İlham Əliyevin tapşırığı ilə hazırlanan və qəbul edilən "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” bu sahənin yenidən dirçəldilməsində mühüm rol oynayır. Bu dövlət proqramı üzümçülüklə məşğul olan sahibkarların fəaliyyətini də gücləndirib, yeni üzümçülük təsərrüfatlarının yaradılmasına müsbət təsir göstərib. Təsadüfi deyil ki, Şamaxıda da son illər təsərrüfatın bu gəlirli sahəsi sürətlə inkişaf edir. Artıq üzüm bağlarının sahəsi 1650 hektara çatdırılıb ki, bunun da 1550 hektarı məhsul verir. Mütəxəssislər cari mövsümdə rayonda 14 min tondan çox üzüm istehsal olunacağını proqnozlaşdırırlar.
"Az-Qranata” MMC də Şamaxı rayonunda üzümçülüyün inkişafı istiqamətində xeyli iş görüb. Beş ildir ki, məhsul istehsal olunur. 2016-cı ildə "Az-Qranata”-nın üzüm bağlarından 3 min ton məhsul tədarük edilib.
Dövlət başçısına görülən işlərlə bağlı ətraflı məlumat verilib.
Bildirilib ki, Şamaxı üzüm bağları 2009-cu ildə 25 hektar sahədə salınmağa başlanıb. Hazırda üzüm bağı 375 hektardır. Onun 309 hektarı texniki üzüm növləri, 66 hektarı isə süfrə üzümü bağıdır. Ərazinin dəniz səviyyəsindən yüksəklikdə yerləşməsi, illik yağıntıların miqdarı, temperatur göstəriciləri və bu yerlərdən götürülən torpaq nümunələrinin laboratoriyalarda aparılan analizləri Şamaxıda yüksək keyfiyyətli nadir üzüm növlərinin yetişdirilməsinin mümkünlüyünə əsas verir. Bu göstəricilərə əsasən, ərazidə əkilən üzüm növləri və onların kök sistemləri seçilib. Seçilən növlər üzrə ölkəmizə yüksək keyfiyyətli üzüm tingləri gətirilib və onlar mövcud normativlər əsasında lazımi aqrotexniki tədbirlərin həyata keçirilməsi yolu ilə əkilib. Üzüm bağlarında əkin və becərmə işləri aparmaq üçün xüsusi texnika da alınıb. Bütün bu amillər ixrac qabiliyyətli yüksək keyfiyyətli məhsul istehsalına təminat verir.
Qeyd edilib ki, üzüm tingləri Fransa, Türkiyə və Gürcüstandan gətirilən ən yaxşı növlərdən ibarətdir. Texniki növlərdən "Şardane”, "Cabarne”, "Cabarne Frans”, süfrə növlərindən "Prima”, "Cardinal”, "Sultaniye”, "Alfonz Lavalle”, "Danuta” və s. kimi növləri misal göstərmək olar. 2016-2017-ci məhsul ilində "Superrior Seedeless”, "Crimson Seedles”, "Red Globe” kimi yeni növlər gətirilərək cavan bağlar salınıb. Kişmiş və əla şərab üzümü olan "Mədrəsə” kimi yerli növlər də bağda yetişdirilərək məhsul istehsalı ildən-ilə artırılır. Cari ildə texniki üzümün hektar üzrə məhsuldarlığı 7-8 ton, süfrə üzümünün məhsuldarlığı isə 15 ton olub. Növbəti ilə hədəf texniki üzümdə 10-11 ton, süfrə üzümündə isə 17-18 tondur. 2015-ci ildə süfrə üzümü bağında ən müasir suvarma sistemi qurulub. Texniki üzüm isə dəmyə şəraitində yetişdirilir. Hazırda "Az-Qranata” MMC-nin üzüm bağlarında 250 nəfər işlə təmin edilib ki, onlardan 200 nəfəri qadındır.
Bildirilib ki, təsərrüfatda istehsal edilən üzüm sortları Bakı şəhərində fəaliyyət göstərən "Meyvəli” ticarət mərkəzində və 8-ci Kilometr bazarında topdansatış qaydada satılır. Texniki sortlar isə "Az-Qranata” MMC-nin nəzdində fəaliyyət göstərən şərab emalı zavoduna təhvil verilir. Ümumilikdə, 2012-2020-ci illəri əhatə edən üzümçülüyün inkişafı ilə bağlı dövlət proqramının icrası nəticəsində bölgələrdə həm sahibkarlıq inkişaf edəcək, həm də Azərbaycanın üzümçülük şöhrəti bərpa olunacaq.
***
Bu gün Azərbaycan prezidenti İlham Əliyev Şamaxı rayonuna səfərə gedib.
7news.Az-ın xəbərinə görə, dövlət başçısı Şamaxı şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoyub.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev son illərdə rayonda görülən işlər, həyata keçirilən layihələr barədə prezident İlham Əliyevə məlumat verib.
Bildirilib ki, rayonun sosial-iqtisadi göstəriciləri xeyli yaxşılaşıb, çoxlu sosial infrastruktur obyektləri tikilib, istehsal müəssisələri yaradılıb. Ulu Öndərin abidəsinin yerləşdiyi parkda yenidənqurma və abadlıq işləri görülüb, burada əhalinin istirahəti üçün hər cür şərait yaradılıb, yaşıllıq zolağı genişləndirilib.








