Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin əsas məqsədi ölkəni gücləndirmək, müstəqilliyi möhkəmləndirmək və dayanıqlı inkişafa nail olmaqdır. Bu istiqamətdə ciddi addımlar atılmaqla yanaşı, dövlət vətəndaşını da unutmur.
Vətəndaşını düşünən dövlət

Prezident İlham Əliyevin dediyi kimi "Azərbaycan vətəndaşı daha da yaxşı yaşamalıdır”.
"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı dövlət başçısı qeyd etdi ki, vətəndaşların daha yaxşı yaşaması üçün sosial məsələlərin həlli bütün proqramlarda nəzərdə tutulmuşdur, həm maaşların, pensiyaların, sosial müavinətlərin, ünvanlı sosial yardımın artırılması və eyni zamanda, sosial infrastrukturun yaradılması qarşıya məqsəd kimi qoyulubdur.
Regionlarda işsiz insan qalmayacaq

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev bildirib ki, dünyadakı maliyyə və iqtisadi böhranın Azərbaycana da mənfi təsirlərinə baxmayaraq, sosial proqramlar dondurulmayacaq: "Prezident İlham Əliyev bunu qəti şəkildə bəyan etdi. Bu onu göstərir ki, Azərbaycan dövlətinin ən ümdə məqsədi hər şeydən öncə vətəndaşının rifahıdır. Bu məqsədlə 2017-ci ildə də bütün sosial layihələr həyata keçiriləcək. İndiyə qədər sığortalar indeksləşdirildi, büdcədən maliyyələşən qurumlarda əmək haqları artırıldı. Məktəblərin və uşaq bağçalarının tikintisi davam edir”.
Milli Məclisi deputatı qeyd edib ki, Prezident İlham Əliyev yeni iş yerlərinin açılacağının da anonsunu verdi.
"Yeni iş yerləri xüsusilə regionlarda açılacaq. Bununla yanaşı, ünvanlı sosial yardımların artırılması, sosial müdafiənin təmin olunması da davam edəcək”, - deyə o bildirib.
Post-neft dövrü və idxalın azaldılması

M. Quliyev əlavə edib ki, Azərbaycan neft dövründən post-neft dövrünə qədəm qoyur: "Post-neft dövrü bütün dünyada əsasən əməyə önəmin verilməsidir. Bu, Azərbaycanda da həyata keçirilir. Qeyri-neft sektoru inkişaf etdirilir, beləliklə ümummilli gəlirlər və büdcə gəlirləri artır. Məşğulluğun təmin olunması, "Made Azerbaijan” brendinin yaradılması kimi əhəmiyyətli addımlar atılır”.
Onun sözlərinə görə, qarşıdakı dövrdə idxaldan asılılıq da azaldılacaq.
"Dövlət başçısı da bildirdi ki, idxal edilən məhsulların ölkə daxilində istehsalı aparılır. Bu sahədə də yüksəliş var”, - deyə o bildirib.
Rüşvətə son, xidmətə davam

Prezident İlham Əliyev çıxışında ən mühüm məqamlardan biri məmurların tənqid olunması ilə bağlı idi.
"Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət, kömək göstərməlidir. Məmur özünü təvazökar aparmalı, özü və ailə üzvləri nümunə olmalıdır. Rüşvətxorluqla, soyğunçuluqla məşğul olmamalıdır”, - deyə dövlət başçısı konkret göstəriş verdi.
Prezident İlham Əliyev məmurların vətəndaşlara xidmət etməsinin vacibliyini bildirib və rüşvətxorluğun aradan qaldırılması ilə bağlı konkret addımlar atıb.
"ASAN xidmət”in yaradılması buna ən barış nümunədir. Bu gün ölkə əhalisinin 98 faizi bu xidmətin üstünlüyünü qiymətləndirir. Belə bir sistem həm də avtomatik olaraq, rüşvətxorluğun, məmur özbaşınalığının qarşısının alınmasına xidmət edir.
"ASAN xidmət” haqqında danışan dövlət başçısı bəyan etdi ki, "Bu, birincisi, bizim iradəmizi və siyasətimizi göstərir. İkincisi isə onu göstərir ki, bu cür işləmək mümkündür”.
Prezidentin mesajı necə nəticələnəcək?

M.Quliyev dövlət başçısının məmurlara mesajının əhəmiyyətli nəticələrə səbəb olacağını vurğulayıb.
"Prezident rüşvət, korrupsiya, monopoliya hallarının qarşı mübarizənin daha da sərtləşəcəyi mesajlarını verdi, eyni zamanda rəftarın daha sivil, mədəni, yumşaq formada aparılması, bürokratik əngəllərin aradan qaldırılması məsələlərinə də toxundu. Bir daha vurğuladı ki, məmur xalqın xidmətçisidir, məmur xalqın xidmətçisi olanda vətəndaş dövlət münasibətləri də səmimi və sıx müstəvidə qurulur. Bütövlükdə bu müşavirə bir daha göstərdi ki, Azərbaycanın sosial iqtisadi inkişafı möhkəm təməllər üzərində qurulub. Ölkəmiz yeni çağırışlara vaxtında reaksiya verir. Ümumdünya böhranının ölkəmizdə hiss olunmayacaq dərəcədə yumşaq keçməsi də bizim strateji xəttimizin düzgün müəyyən edildiyini təsdiqləyir”, - deyə Milli Məclisin deputatı bildirib.//publika.az
7News.az








