RU
“Prezidentimizin yanındayıq və onunla qürur duyuruq!” – BƏYANAT
15:24
1434

“Prezidentimizin yanındayıq və onunla qürur duyuruq!” – BƏYANAT

Bir neçə gündən sonra Azərbaycan xalqı "Zəfər bayramı”nın növbəti ildönümünü qeyd edəcək. Bu, çox böyük tarixdir. O tarix ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Qəhrəman Ordumuz tərəfindən qızıl hərflərlə yazılıb. 44 günlük Vətən Müharibəsində xalqımız öz əzmini, əzəmətini, qüdrətini nümayiş etdirdi, rəşadətli əsgərlərimiz düşmənin başını əzdi, 30 il əsarətdə olan əzəli torpaqlarımız geri qayıtdı,   ərazi bütövlüyümüz bərpa edildi.

Təbii ki, məlum qələbə ilk növbədə Azərbaycanın gücü və ölkədə yürüdülən düzgün, məqsədyönlü siyasətin nəticəsi idi. Cənab Prezident İlham Əliyev hələ müharibədən əvvəlki nitqlərində, çıxışlarında hər zaman söyləyirdi ki, biz işğal faktı ilə barışmayacayıq və öz əzəli torpaqlarımızı bir gün mütləq, nəyin bahasına olursa olsun geri qaytaracayıq. Və belə də oldu. Növbəti erməni təxribatlarının birindən sonra Azərbaycan Ordusu bütün cəbhə boyunca əks-hücuma keçdi, ermənini darmadağın etdi və bizləri Qələbəyə, Zəfərə doğru apardı.

Müharibənin gedişində bir çox kənar təsirlər vardı. Fransa və onun timsalında bir sıra ölkələr mövzuya, məsələyə ədalətsiz yanaşırdılar, işğalçıya açıq dəstək verirdilər. Amma bütün bunlar nəticəni dəyişə bilmədi. Sonucda ədalət zəfər çaldı, haqlı olan qalib gəldi, işğala son qoyuldu.

Təəssüflə qeyd etməliyik ki, müharibədən sonrakı dövrdə də həmin o haqqında danışılan neqativ təsirlər qabarıq şəkildə görünməkdədir. Daha dəqiq söyləsək, Azərbaycanın bəzi qonşuları, ələlxüsus da İran son zamanlar olduqca qeyri-adekvat, qeyri-səmimi və ədalətsiz davranır, işğalçıya dəstək verir, Ermənistana qucaq açır, qonşuluq siyasətinə kölgə salan fəaliyyətdə bulunur. Təbii, bunlar yolverilməzdir. Eyni zamanda böyük ədalətsizlikdir. Üstəlik, İran bir faktı və həqiqəti unutmamalıdır ki, Azərbaycan öz qonşusu İrana qarşı heç bir zaman namərdlik etməyib, heç bir zaman onların maraqlarına toxunacaq addım atmayıb, heç bir zaman qonşuluq siyasətinə xələl gətirəcək siyasət yürütməyib. Amma İran bunun əksini edir. Adını İslam dövləti qoysa da İslam dinini hədəfə alan, məscidləri dağıdan, dini məbədgahları viran günə qoyan Ermənistana dəstək verir. Və o dəstəyin içində hər şey var. Silah verməkdən tutmuş, yol açmağa qədər. Siyasi bəyanat verməkdən tutmuş səfirlik açmağa qədər. Ayıbdır! Sözün gerçək anlamında ayıbdır. Həm ümumbəşəri dəyərlər adına ayıbdır, həm də qonşuluq adına!

Fəqət, bütün hallarda biz yenə öz yolumuzdayıq. Kənar təsirlər, Azərbaycana qarşı ədalətsizliklər olsa da, baş versə də, biz öz həqiqətlərimizdən və doğru yoldan imtina etməyəcəyik. Zatən böyük qələbələri və Zəfəri şərtləndirən amillərin ən başlıcası da elə məhz bizim haqq yolunda olmamızdır.

Azərbaycanın Qarabağ Zəfərinin ən böyük memarı möhtərəm Prezidentimiz İlham Əliyevdir. Onun cəsarəti, müdrikliyi və möhtəşəm strategiyası nəticəsində Azərbaycan xalqı qələbə sevincini yaşadı, Qarabağ öz əzəli sahibinə qayıtdı, böyük Zəfərə nail olduq.

Bəyan edirik ki, dövlət başçımızın bütün istiqamətlərdə yürütdüyü siyasəti dəstəkləyirik. Prezidentimizin yanındayıq və onunla qürur duyuruq.

Azərbaycan xalqının bu böyük və əziz bayramı - "Zəfər Günü” bir daha mübarək olsun. Tanrı müqəddəs şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Allah dəyərli qazilərimizi qorusun. Onlar bizim baş tacımızdır!

Azərbaycan Demokratik Maarifçilik Partiyası

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ