Azərbaycan və Ukrayna Prezidentləri Şurasının 5-ci iclası yekunlaşıb.
7News.Az xəbər verir ki, iclasdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna prezidenti Pyotr Poroşenko birgə mətbuat konfransı keçirib.
İki ölkə arasında mövcud siyasi əlaqələrin inkişafından danışan Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, ölkələrin beynəlxalq arenada əməkdaşlığı vacibdir. Azərbaycan prezidenti əlavə edib ki, ölkələr arasında iqtisadi sahədə böyük potensial mövcuddur: “Birgə investesiya lahiyələrinin reallaşması nəzərdə tutulub. Bunu üçün müvafiq göstərişlər verilib və şübhəm yoxdur ki, bu tapşırıqların yerinə yetirilməsi nəticəsində ölkələrimiz bir-birinə daha yaxın olacaq və ticarət dövriyyəsi artacaq.
Çünki ticarət dövriyyəsinin səviyyəsi nə Azərbaycanı, nə də Ukraynanı qane edir. Danışıqlar nəticəsində birgə investisiya layihələri ilə bağlı tapşırıqlar verilib. Hər iki ölkənin investisiya potensialının yenidən nəzərdən keçirilməsi üçün tapşırıq verilib, çünki bu məsələdə qarşılıqlı maraq mövcuddur”.
İlham Əliyev SOCAR-ın Ukrayna bazarında aktiv fəaliyyət göstərdiyini də diqqətə çatdırıb: `SOCAR Ukraynada 60-dan çox yanacaqdoldurma məntəqəsi açaraq, bu ölkəyə 200 milyon dollardan çox investisiya yatırıb`.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan “Odessa-Brodı” neft kəməri layihəsinin reallaşmasında maraqlıdır: “Ukrayna və Azərbaycan neft nəql olunması üçün Odessa-Brodi layihəsinin reallaşdırılmasında maraqlıdır. Biz ciddi şəkildə Odessa-Brodi layihəsinin reallaşdırılmasını müzakirə etdik, çünki Azərbaycan Avropa bazarına böyük həcmdə neft ixrac edir”. - deyə o, söyləyib.
Pyotr Poroşenko isə Azərbaycan ərazisində "An-178" nəqliyyat təyyarələrinin istehsalı üçün birgə müəssisənin yaradılması imkanlarını müzakirə etdiklərini deyib: “Ən perspektiv layihələrdən biri Azərbaycana "An-178" təyyarələrinin göndərilməsi və gələcəkdə bu təyyarələrin Azərbaycan ərazisində birgə istehsalı ilə bağlıdır”.








