Bu gün filologiya elmləri doktoru, professor Qəzənfər Kazımovun doğum günüdür
"Elm aləmində ciddi tədqiqatlar aparan çağdaş filoloqlarımızdan söz düşəndə göz önünə ilk gələnlərdən biri də f.e.d., prof.Qəzənfər Kazımov olur. Alimin müasir dil, dil tarixi, bədii dil, üslubiyyat, satira dili, etimologiya, leksikologiya, ədəbi tənqid, yazılı abidələr, folklorşünaslıq, klassik və çağdaş yazarlarımızın sənətkarlıq xüsusiyyətləri sahəsində tədqiqatları yaradıcılığının çoxşaxəliliyindən xəbər verir."
Qəzənfər Şirin oğlu Kazımov 3 mart 1937-ci ildə Azərbaycan respublikası, Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olmuşdur. Atası Allahverdiyev Şirin Kazım oğlu məktəb direktorluğundan müharibəyə getmiş və 1943-cü ildə cəbhədə həlak olmuşdur.
Q.Ş.Kazımov 1955-ci ildə Soltanlı kənd orta məktəbini, 1960-cı ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU-nun) tarix-filologiya fakültəsini bitirmişdir. İki il - 1960-1962-ci illərdə Soltanlı kənd orta məktəbində müəllim işləmiş, 1962-ci ildə Azərbaycan dilçiliyi ixtisası üzrə Pedaqoji İnstitutun əyani aspiranturasına daxil olmuşdur. 1967-ci ildə namizədlik, 1988-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1989-cu ildən professordur.
Namizədlik dissertasiyasının mövzusu: "Ə.Haqverdiyevin dramaturgiya dili"; doktorluq mövzusu: "Azərbaycan sovet satirik nəsrinin dili.1920-1940-cı illər (komizmin dil vasitə və üsulları problemi)".
Q.Ş.Kazımov Pedaqoji Universitetdə müəllim (1965-1971), dosent (1972-1988), professor (1989-1998) vəzifələrində işləmişdir. 1989-1997-ci illərdə Pedaqoji Universitetin filologiya fakültəsinin dekanı olmuşdur. Bir müddət Pedaqoji Universitetdə müdafiə Şurasının sədr müavini (1990-1994), Ali Attestasiya Komissiyasında ekspert Şurasının üzvü (1996-1999) olmuşdur. Uzun müddət (1979-2003) Təhsil Nazirliyi nəzdində filologiya üzrə elmi-metodiki Şurada fəaliyyət göstərmişdir. 1999-2000-ci illərdə Nəsimi adına Dilçilik institutunda aparıcı elmi işçi işləmişdir; 2001-ci ildən həmin institutda Azərbaycan dialektologiyası şöbəsinin müdiridir. Böyük Britaniya və Şimali İrlandiya Asiya Kral Cəmiyyətinin üzvüdür. Böyük Britaniya, Kembric Bioqrafiya İnstitutunda və ABŞ Bioqrafiya İnstitutunda qeydə alınmışdır. Ədəbi tənqidlə məşğuldur. Respublika Yazıçılar və Jurnalistlər birliklərinin üzvüdür.
Qəzənfər Kazımov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 noyabr 2015-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasının Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.
Ailəlidir. İki övladı və nəvələri var.
Prof. Qəzənfər Kazımov həmişə filoloji elmin ən mühüm, aktual, az toxunulan və yaxud da heç toxunulmayan problemlərinə diqqət kəsilmiş, çoxsahəli elmi istiqamətlərdə az-az tədqiatçıya xas olan fəaliyyət göstərmişdir. Onun yaradıcılığına küll halında nəzər salanda adama elə gəlir ki, humanitar elmin elə bir sahəsi olmaz ki, Qəzənfər müəllim orada qadir olmasın! Qəzənfər Kazımov yaradıcılığı, tədqiqat üslubu yalnız filoloji-dilçilik qadirliyi ilə yox, eyni dərəcədə bədii-estetik qadirliyi ilə də müəyyənləşir. Və buna görə də o, təkcə bir elm sahəsində yox, ümumən filoloji-sənət sahəsinin, humanitar elmi sahənin hadisəsinə çevrilir...
Onun məşğul olduğu filoloji elmi istiqamətləri təxmini də olsa təsnif edəsi olsaq, belə bir mənzərə ilə qarşılaşarıq:
Azərbaycan dilinin tarixi;
müasir Azərbaycan dilinin quruluşu;
bədii əsərlərin dili;
komizm (satira və yumor) nəzəriyyəsi;
folklorşünaslıq;
üslub və üslubiyyat məsələləri;
ədəbiyyatşünaslıq məsələləri;
metodika, dilin tədrisi;
Azərbaycan dili dərslikləri və s...








