RU
Prokurorluq yeni qərar verdi
12:12
1504

Prokurorluq yeni qərar verdi

Ali Məhkəmədə Abşeron rayon sakini Mirazad Mirəliyevin (1967-ci il təv.) CM-nin 123.1-ci (zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.

7news.az xəbər verir ki, Mirazad Mirəliyev qaynı Fəxrəddin Baloğlanovun icarəyə götürərək işlətdiyi Hökməli-Qobu yolunun kənarında yerləşən “Vişnəlik” çayxanasında Telman Səfərəliyevlə birlikdə 2013-cü ildən torpaq alqı-satqısında vasitəçiliklə məşğul olub. Ancaq sonra yeznə-qayın arasında narazılıq yaranıb və buna görə ötən ilin fevral ayında Mirazad Mirəliyev Telman Səfərəliyevlə çayxanadan çıxaraq yolun əks tərəfində yerləşən bir otaqlı tikilidən ofis kimi istifadə edib. Onlar ordana çıxandan həmin çayxanada torpaq alqı-satqısı ilə Mirazad Mirəliyevin yaxın qohumu Mürvət Səfərov (1971-ci il təv.) və Fəxrəddin Baloğlanov məşğul olmağa başlayıblar. Bu səbəbdən onların arasında münaqişəli münasibətlər yaranıb. 2014-cü il aprelin 22-də Mirazad Mirəliyev müştərilərlə söhbət edən zaman Mürvət maşınla gələrək, onu yolun digər tərəfindən təhqir etməyə başlayıb. Bundan hiddətlənən Mirazad yolu keçib çayxanaya gəlib və Mürvəti qohumu Malik Səfərəliyevlə çay içən görüb. O, Mürvətdən nə üçün onu söyüb-təhqir etdiyini soruşanda, sonuncu ona “yaxşı edirəm, dur, burdan rədd ol” deyə cavab verib və bıçaq çıxararaq Mirəliyevi vurmaq istəyib. Mirazad çayxanadan çıxıb. Malik Səfərəliyev və həmin vaxt çayxanada olmuş Əkrəm Məmmədov Mürvəti saxlayaraq, sakitləşdirməyə çalışıblar. Buna baxmayaraq, Mürvət onların əlindən çıxıb və bıçaqla Mirazadın üzərinə gedib. Mürvətin ona zərbə vurduğunu görən Mirazad özündə olan bıçaqla onu döş qəfəsindən vuraraq, ağır yaralayıb. Sonuncu xəstəxanaya aparılarkən kəskin qanitirmədən dünyasını dəyişib. Həmin gün Mirəliyev Abşeron RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb, rayon prokurorluğunda faktla bağlı CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Məhkəmə prosesində Mirazad Mirəliyev ittiham üzrə özünü qismən təqsirli hesab edib. O bildrib ki, mərhum hər dəfə onu təhqir edib, həmin gün də maşınla keçərkən onu söyüb: "axırıncı söyüşdən sonra məsələni dəqiqləşdirmək istədim, buna görə də çayxanaya getdim. Mənimlə acıqlı danışandan sonra, bıçaqla məni vurdu, geri çəkildim və üstümdəki bıçaqla ona zərbə endirdim".

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mirazad Mirəliyev ittiham olunduğu maddə ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Hökmdən dövlət ittihamçısı apelyasiya protesti verərək, təqsirləndirilən şəxsə daha ağır cəza verilməsini istəyib. həmçinin Mirazad Mirəliyevin vəkili apelyasiya şikayəti verib və müdafiə etdiyi şəxsin əməlinin CM-nin 123.1-ci (zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə) maddəsinə tövsif edilməsini və ona həmin maddə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edib.

Sumqayıt Apelyasiya Məhkəməsi işi araşdıraraq qərar qəbul edib ki, M.Mirələmovun əməli CM-nin 123.1-ci maddəsinə tövsif edilsin və ona 2 il cəza təyin olunub.

Bundan sonra Baş prokurorluq Ali Məhkəməyə kasasiya protesti verib.

Ali Məhkəmə prokurorluğun protestinin təmin edilməsi barədə qərar qəbul edib.

Sumqayıt Apelyasiya Məhkəməsinin təqsirləndirilən şəxsin barəsində çıxardığı qərarı ləğv edib və işin yenidən Apelyasiya məhkəməsinə göndərib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ