Rusiya Prezidenti Vladimir Putin Çin və Səudiyyə Ərəbistanı vətəndaşlarının Rusiyaya daxil olması və Rusiyadan çıxması üçün müvəqqəti giriş və çıxış prosedurları haqqında fərman imzalayıb.
Sənəd hüquqi informasiya portalında dərc edilib.
Fərmana əsasən, 14 sentyabr 2026-cı il tarixinədək Çin vətəndaşlarının RF-na daxil olmaq, qonaq qismində və ya işgüzar səfərlə bağlı, turist kimi, elmi, mədəni, ictimai-siyasi, iqtisadi və idman tədbirlərində iştirak etmək üçün Rusiyada 30 gündən çox olmayaraq qalmaq, eləcə də Federasiyadan tranzit keçidi etmək üçün adi Çin vətəndaşının pasportu əsasında vizasız giriş-çıxış hüququ var.
Fərmanda vurğulanır ki, bu qaydalar qarşılıqlılıq prinsipi nəzərə alınmaqla tətbiq olunur. Eyni zamanda bu fərmanla müəyyən edilmiş giriş və çıxış prosedurları Rusiyaya iş məqsədləri, o cümlədən jurnalist fəaliyyəti, təhsil almaq, Rusiyada yaşamaq və ya beynəlxalq avtomobil daşımaları həyata keçirmək və ya tərcüməçi kimi bu cür nəqliyyat vasitələrini müşayiət etmək üçün daxil olan Çin vətəndaşlarına şamil edilmir. Fərman bu gündən qüvvəyə minib.
Qeyd edək ki, sentyabrın əvvəlində Çin Xarici İşlər Nazirliyi Rusiya vətəndaşları üçün 30 günlük vizasız rejimin tətbiq olunduğunu elan edib. Bu güzəşt 15 sentyabrda qüvvəyə minib. Bu tədbirlər hələlik bir illik test rejimində tətbiq olunur.
Putin bildirmişdi ki, Rusiya Çinin ruslar üçün vizaları ləğv etmək qərarına eyni şəkildə cavab verəcək.
Rusiyadan ilk turistlər 15 sentyabrda Çinə vizasız daxil olublar.
TAAS-ın verdiyi digər bir xəbərə görə, Rusiya və Səudiyyə Ərəbistanı bütün növ pasport sahibləri üçün viza tələblərindən azad edən hökumətlərarası saziş imzalayıblar.








