Rusiya baş nazirinin müavini Dmitri Roqozin yenidən Azərbaycana səfər edəcək. “İnterfaks”ın yaydığı məlumata görə, mayın 17-də baş tutacaq səfər zamanı Dmitri Roqozin Bakıda Azərbaycan rəhbərliyi ilə danışıqlar aparacaq.
Səfər çərçivəsində, həmçinin Rusiya prezidenti Vladimir Putinin Azərbaycana gözlənilən gəlişi müzakirə olunacaq. “Tərəflər Qarabağ münaqişəsi ətrafında yaranan vəziyyəti müzakirə edəcəklər”,- deyə mənbə vurğulayıb.
Ekspertlər hesab edirlər ki, Roqozin Bakıya silah satışı ilə bağlı danışıqlara gəlir. Səfəri zamanı Rusiya və Azərbaycan arasında silah alqı-satqısına dair yeni müqavilənin imzalanacağı iddia edilir.
Politoloq Qabil Hüseynli hesab edir ki, Roqozinin Bakıya gəlişində Rusiya prezidenti Valdimir Putinin səfəri ilə bağlı məqamalar müzakirə olunacaq: “Bundan əlavə daha çox Azərbaycanla Rusiya arasında silah satışı ilə bağlı məsələlərin müzakirə olunacağı gözlənilir. Qeyd edək ki, Azərbaycanın Rusiyadan daha öncə aldığı silahlar hələlik təhvil verilməyib. Eyni zamanda alınan silahlarda müəyyən texniki qüsurlar aşkarlanıb. Güman ki, bu məsələ yenidən müzakirə olunacaq”.
Onun sözlərinə görə, Azərbaycan Rusiyadan silah alışını davam etdirmək niyətindədir: “Azərbaycan yenidən Rusiyadan böyük məbləğdə silah almaq istəyir. Bu məsələ Rusiya üçün önəmlidir. Hesab edirəm ki, Roqozin Azərbaycana böyük məbləğdə silah satışı üçün müqavilə imzalamağa gəlir”.
Hərbi ekspert Üzeyir Cəfərovun fikrincə, Roqozin hər hansı bir ölkəyə səfər edən zaman silah satışı ilə bağlı yeni müqavilələr imzalanır: “Ona görə də hesab edirəm ki, səfər zamanı Rusiya ilə Azərbaycan arasında silah alqı-satqısına dari yeni müqavilənin şərtləri müzakirə olunacaq. Aprelin əvvəlində cəbhədə gərginlik yaşanan zaman Roqozin bəyan etmişdi ki, Rusiya Azərbaycana əvvəlki qaydada silah satışını davam etdirəcək. Eyni zamanda daha öncə Rusiyadan alınan silahlarda texniki problemlər yaranmışdı. Böyük ehtimalla bu problem aradan qaldırılıb və Roqozinin səfəri zamanı bu kimi məsələlər müzakirə olunacaq”.
Ü.Cəfərov qeyd edib ki, hazırda Azərbaycan və Rusiya arasında silah alışına dair müzakirələr aparılır və səfər zamanı yeni müqavilənin imzalanması gözlənilir./azvision
7news.Az








