Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Rossiya-1” telekanalına gündəmdə olan məsələlərlə bağlı diqqətçəkən açıqlamalar verib.
7News.Az-ın məlumatına görə, o, Yaxın Şərqdə terrorizmə qarşı birgə mübarizədə Ankara-Moskva işbirliyinin vacibliyinə diqqət çəkib:
"Bu bölgədə terrorizmə qarşı birgə mübarizədə dəyərli dostum Vladimir Putinin dəstəyinə ehtiyacım var. Bu məsələdə Rusiya ilə birgə hərəkət etmək üçün lazım olan bütün addımları atmağa hazırıq”.
Ərdoğan Türkiyə-Rusiya arasındakı birgə layihələrə də toxunub və bildirib ki, "Akkuyu nüvə stansiyası” və "Türk axını” layihələrinin gerçəkləşməsi böyük önəm daşıyır.
Ərdoğan Türkiyə ilə Avropa Birliyi arasındakı viza problemi və digər məsələlərə də toxunub. Onun sözlərinə görə, Brüssel Ankaraya verdiyi vədlərə əməl etmir:
"1963-cü ildən bəri Avropa Birliyinə üzv olmaq üçün bu qurumla müzakirələr aparırıq. 53 ildir bizi yubadırlar. Digər tərəfdən, Suriya və İraqdan Türkiyəyə 3 milyondan çox qaçqın gəlib. Ankara üzərinə çox böyük yük götürüb. Onlar üçün 20 milyard dollardan çox vəsait xərclənib. Avropa bizə söz verib ki, bununla bağlı sizə yardım göstəriləcək. Lakin hələ də bu yardım edilməyib".








