RU
Qalada qohumunu bıçaqlayan kafe icarədarının cəzası dəyişdirilib
16:56
243

Qalada qohumunu bıçaqlayan kafe icarədarının cəzası dəyişdirilib

Bakı Apellyasiya Məhkəməsində Naxçıvan MR-nın sakini Əqil Əliyevin (1974-cü il təv.) CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.

7news.az xəbər verir ki, ötən il sentyabrın 9-da Xəzər rayonun Qala qəsəbəsindəki "Qala" kafesinin həyətində Əqil Əliyevlə Ceyhun Quliyev arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb və dava zamanı o bıçaqla Ceyhuna iki dəfə zərbə endirib. Yaralı 3 saylı klinik xəstəxanasına çatdırılaraq, əməliyyat olunub və həyatı xilas edilib. Səhərisi gün şübhəli şəxs Xəzər RPİ 1-ci polis bölməsinin əməkdasları tərəfindən saxlanılıb və istintaqa təqdim edilib.

Məhkəmə prosesində Əqil Əliyev ona elan olunmuş ittihamla özünü təqsirli hesab edərək, Qala qəsəbəsində icarəyə kafe götürüb, işlətdiyini göstərib: "Gecə iş yerində qalmışdım. Səhər tezdən kafedə xidmət edən Könül adlı qadın məni yuxudan oyadıb, dedi ki, Tərlan adlı qohumum 100 manat pulunun kafedə itməsi ilə bağlı mübahisə edir, gəl onu evlərinə yola sal. Həyətə düşəndə hiss etdim ki, Tərlan sərxoşdur. Ona başa saldım ki, xadiməyə əlavə pul verməyib, bəlkə pulunu haradasa salıb itirib. Bu vaxt Tərlanı axtaran qardaşları Ceyhun və Əsgər də gəliblər. Eyni şeyi onlara da təkrar elədim, Tərlanın yalan danışdığını bildirdim və ortaya söyüş qoydum. Niyə söyüşlə danışdığımı soruşan Ceyhun mənimlə mübahisəyə etməyə başlayıb. Əlbəyaxa olarkən, üstümdəki bıçaqla Ceyhuna zərbə vurdum. Onun qardaşları kəsici aləti əlimdən alaraq, hər ikimizi xəstəxanaya aparıblar, çünki dava vaxtı mən də xəsarət almışam".

Zərərçəkmiş şəxs qismində dindirilən Ceyhun Quliyev ifadəsində günəmuzd fəhlə işlədiyini və Qala stansiyasında qardaşı Hafizə məxsus evdə yaşadığını bildirib. Hadisə baş verən gün qardaşı Tərlan evə gəlmədiyinə görə, səhərə yaxın Hafiz onları Tərlanı axtarmağa göndərib. "Kafeyə gəlib, gordük ki, heç kim yoxdur, sonra həyət tərəfdən səs gəldiyini eşitdik, ora baxanda qardaşımla kafenin icarədarı Əqilin mübahisə etdiklərini gördük. Tərlan Əqilə ya pulunun kafedə itdiyini, ya da xadiməyə 100 manat artıq verdiyini deyirdi. Əqil söyüş qoyanda aramızda mübahisə düşdü və o, bıçaqla məni vurdu".

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 5 il müddətinə azadlıqdan məhrum olunub. Hökmdən Əqil Əliyev şikayət verib.

Bakı Apellyasiya Məhkəməsi işi araşdıraraq birinci instansiya məhkəməsinin hökmünü dəyişdirib, Ə.Əliyevin azadlıqdan məhrumetmə cəzası 3 il 6 aya endirilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ