Xəbər verdiyimiz kimi fevral ayının 24-dən başlayaraq cəbhə xəttinin demək olar ki, bütün istiqamətlərində ermənilər ciddi şəkildə təxribatlar törətməyə başladılar. Azərbaycan ordusunun ayıq-sayıqlığı və çevikliyi nəticəsində düşmən təxribatının qarşısı alınmış, düşmən ciddi itkilər verərək geri çəkilməyə məcbur olmuşdur. Təəssüf ki, ordumuzun 5 igid əsgəri aparılan hərbi əməliyyatlar nəticəsində canından keçərək şəhidlik zirvəsində ucalmışlar.
Cəbhə xəttində baş verən olaylara münasibət bildirən Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin (QALİB) sədri, icmalçı Azər Verdiyev əsgərlərimizin növbəti dəfə şücaət göstərdiyini dedi: "Xocalı soyqırımı öncəsi erməni ordusunun cəbhənin bütün istiqamətlərində təxribatlar törətməsi təsadüfi deyil. Bügün Ermənistan əhalisi terrorçu, cinayətkar bir rejim tərəfindən idarə olunur. Bu rejim hakimiyyatdə qalmaq, əhalinin diqqətini ölkədə baş alan aclıqdan, səfalətdən çəkmək üçün bütün mümkün imkanlardan istifadə edir. Cəbhədə baş verənlərin bir səbəbi də budur. Ancaq igid əsgərlərimiz nəinki düşmənə cavab verir, lazım gəldikdə əks hücuma belə keçir. Çox təəssüf ki, ermənilərin bu təxribatı nəticəsində də 5 əsgərimiz şəhid oldu. Amma vətən uğrunda canından keçən hər bir şəhid qələbəyə gedən yolu yaxınlaşdırır. Qarabağa qayıdacağımız günə az qalıb. Ermənistanda ən yaxşı halda 1 milyon insan qalıb. Ordu sıralarında isə fərarilik adi hala çevrilib. Azərbaycan xalqı isə sadəcə olara Ali Baş Komandanın əmrini gözləyir. Hesab edirəm bu gedişlə ermənilər özləri dədə-baba torpaqlarımızı tərk edəcəklər”








