RU
Qarabağa qayıdış Cocuq Mərcanlıdan keçir - İndi iki şey tələb olunur
18:50
436

Qarabağa qayıdış Cocuq Mərcanlıdan keçir - İndi iki şey tələb olunur

Prezidentin Cocuq Mərcanlı kəndinin məskunlaşdırılması qərarını müsbət qiymətləndirirəm. Kənd sakinlərinin doğma yerlərinə qayıtmaq istəklərini bildirmələri də vacibdir. Sakinlər öz qayıdış qərarlarıyla illərdir dillərdə dolaşan "şəhərlərdə məskunlaşan məcburi köçkünlər geri qayıtmayacaqlar" fikrinin doğru olmadığını göstərdilər.

7News.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.

Politoloqun fikrincə, indi hakimiyyətdən iki məsələnin həlli tələb olunur: "Prezidentin kəndin yenidən qurulması üçün ayırdığı 4 milyon manatdan faydalı şəkildə yararlanmaq lazımdır. Kənd lazımi infrasturkturla yenidən elə yüksək səviyyədə qurulmalıdır ki, erməni separatçılarının nəzarətindəki yerlərlə fərq açıq görünsün və Ermənistandakı, o cümlədən Dağlıq Qarabağ kəndlərində yaşayan ermənilərin beynində "bizim niyə belə şəratimiz yoxdur?" sualı dolaşsın. Kəndlilərin əkin sahələrindən qazanc əldə etmələri üçün də bütün imkanlar səfərbər olunmalıdır. İkinci məsələ Cocuq Mərcanlı kəndinin təhlükəsizliyin gücləndirilməsidir. Doğrudur, Lələtəpə nəzarətimizdədir, ancaq qarşı tərəf başqa təxribata əl ata bilər. Ona görə də Cocuq Mərcanlıya hər hansı mərminin düşməsi halında qarşı tərəf bundan beşqat çox itki verməlidir ki, bir də kəndimizə qarşı təxribat etmək ağlına gəlməsin. Bir sözlə, Cocuq Mərcanlı Dağlıq Qarabağa qayıdışımızın nümunəsi olmalıdır".

Qeyd edək ki, prezident İlham Əliyev işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası prezidentinin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılacaq.//report

7News.az


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ