Türkiyə baş naziri Əhməd Davudoğlu Azərbaycana rəsmi səfəri çərçivəsində dekabrın 4-də “ADA” universitetində olub.
Ə. Davudoğlunu və qonaqları “ADA” universitetində salamlayan rektor, xarici işlər nazirinin müavini Hafiz Paşayev bildirib ki, Türkiyə-Azərbaycan münasibətlərinin yüksək səviyyədə inkişafında diplomatların da rolu böyükdür. Rəhbəri olduğu təhsil ocağı haqqında məlumat verən Hafiz Paşayev hazırda Türkiyənin bir çox universitetləri ilə əməkdaşlıq etdiklərini vurğulayıb.
Əhməd Davudoğlu ölkələrimiz arasında yüksək səviyyəli münasibətlərin olduğunu bildirib: “Bizim münasibətlər istənilən iki ölkə arasında olan əlaqələrdən çox fərqli yerə sahibdir. Bunun ən yaxşı ifadəsini ulu öndər Heydər Əliyev “Bir millət, iki dövlət”, şairimiz Bəxtiyar Vahabzadə “Türkiyə və Azərbaycan, bir ananın iki oğlu” deyərək qeyd ediblər. Azərbaycan və Türkiyə bir ailədir. Biz ayrılmaz münasibətlərə sahibik”.
Millət vəkili Qənirə Paşayeva isə çıxışında bildirib ki, Azərbaycan xalqı hər zaman Türkiyənin yanındadır: “Türkiyə sərhədlərindən kənarda lazım gələrsə qardaş Türkiyə üçün canını belə qurban verməyə hazır milyonlarla Türk insanı var. Hər zaman Türkiyənin yanındayıq. Çünki Azərbaycanımızla yanaşı qardaş Türkiyə də bizim üçün vətəndir. Biz Çanaqqqalada şəhid olan Azərbaycan türklərinin, Azərbaycanın çətin günlərində dəstəyə gələn Nuri Paşanın başçılığı iləTürk Qafqaz İslam Ordusu üzvlərinin, burada şəhid olan Anadolu türklərinin nəvələriyik”.
Qeyd edək ki, tədbirdə Əhməd Davudoğlunun xanımı Sare Davudoğlu da iştirak edib.
7news.az








