Türkiyənin
Qars vilayətində millət vəkili,siyasi elmləri doktoru Qənirə Paşayeva
"Dağıdılmış mədəniyyət beşiyi-Şuşa”adlı konfrans verib. Qafqaz Universitetində
Azərbaycanın Qarsdakı baş konsulluğunun rəsmilərinin, Azərbaycan Milli Elmlər
Akademiyasının təmsilçilərinin, Qafqaz Universitetinin rəsmilərinin,
ziyalıların, KİV-in və QHT təmsilçilərinin və universitetdə təhsil alan gənclərin
iştirak etdiyi konfransda millət vəkili Q.Paşayeva Dağlıq Qarabağ münaqişəsi,
Ermənistanın işğalı altında olan Azərbaycan torpaqları, qədim Şuşa, qondarma
"erməni soyqırımı” ilə bağlı geniş məruzə ilə çıxış edib. Çoxlu sayda tələbələrin,
KİV nümayəndələrinin iştirak etdiyi konfransda millət vəkili Q.Paşayeva Şuşanın
dünyada yaşayan bütün azərbaycanlıların, türklərin mədəniyyət evi olduğunu
bildirib və tədbir iştirakçılarının əksəriyyətinin Şuşada olmamasına
baxmayaraq, Şuşanın hər birimiz üçün doğma şəhər olduğunu qeyd edib: "Biz
inanırıq ki, Şuşanın işğaldan azad olduğu gün çox tezliklə gələcək və biz oranı
ziyarət edəcəyik”. Çıxış edən millət vəkili Qənirə Paşayeva qeyd edib ki,
Şuşanın qədim tarixi var. Şuşa
əsrlər boyu Azərbaycan və türk tarix və mədəniyyətinin beşiyi olub. Mədəniyyətə
əvəzsiz töhfələr verən dahi şəxsiyyətlər orada yetişib: "Hər bir Türk insanı
Şuşanı tək bu gün deyil, hər gün yad etməli və gələcək nəsillərə çatdırmalıdır.
Hər birimiz Şuşanı doğma şəhər kimi sevməliyik, xatırlamalıyıq ki, Şuşamız
işğal altındadır. Çox təəssüf ki, işğalçılar tariximizi silmək üçün orada yerləşən
mədəniyyət və tarixi abidələri məhv edirlər və dünya buna göz yumur”. Şuşanın
23 ildir Ermənistanın işğalı altında qalmasını sadəcə Azərbaycanın deyil, bütün
Türk dünyasının ortaq məsələsi olduğunu vurğulayan millət vəkili Qənirə
Paşayeva bunları söyləyib: "Şuşada yaşananlara bütün dünyanın gözü bağlıdır. Amma
bu belə davam etməyəcək. Beynəlxalq təşkilatlardan işğal altında olan
torpaqlarımızı bizə vermələrini gözləməməliyik. AŞ, BMT kimi beynəlxalq təşkilatların
Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı ilə əlaqədar qəbul etdikləri qərarları
var. Lakin bu qərarların heç biri tətbiq edilmir. Heç kim Ermənistana qarşı
siyasi təzyiq göstərmir. O səbəbdən bunu özümüz etməliyik”.
Millət vəkili çıxışında Xocalı soyqırımı, Ermənistanın işğal etdiyi Azərbaycan
torpaqlarında törətdiyi vandalizm aktları, Ermənistanın 20 ildən artıqdır ki 1
milyon azərbaycanlının öz yurd-yuvasına dönməsinə imkan verməməsi barədə ətraflı
məlumat da verib. O bildirib ki, harada doğulmasından və harada yaşamasından
asılı olmayaraq hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin
dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün
çalışmalıdır. "Xocalı Soyqırımı, Dağlıq Qarabağ problemi, Şuşa acısı tək Azərbaycanın
deyil, bütün Türk dünyasının problemidir” – QənirəPaşayeva deyib. Millət vəkili
Qənirə Paşayeva Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə daha geniş
çatdırılmasında türk gənclərinin üzərinə böyük vəzifələr düşdüyünü bildirib
"Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk
insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində səylərini
artırmalıdır. Bu işdə böyüyən gəncliyin üzərinə böyük vəzifə düşür. Türk gəncliyi
türk dünyasının böyük liderləri Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci
sevincimiz, kədəri kədərimizdir” və Heydər Əliyevin "Azərbaycan və Türkiyə bir
millət iki dövlətdir” ruhunda böyüdülməlidir. Millətimizin böyüyən gəncliyinə
tariximizi çox yaxşı öyrətməliyik ki, onlar tariximizə sahib çıxa bilsinlər”. Millət
vəkili Azərbaycanın qondarma "erməni soyqırımı” iddialarına qarşı mübarizədə
daim qardaş Türkiyənin yanında olduğunu bildirib. O deyib ki, qondarma "erməni
soyqırımı”na qarşı mübarizə hər bir Türk insanının vəzifəsidir. Q.Paşayeva Türk
gəncliyini Qarabağ həqiqətləri və qondarma erməni soyqırımı yalanlarının
qarşısının alınması istiqamətində daha fəal mübarizəyə çağırıb və sosial şəbəkələrin
təqdim etdiyi imkanlardan geniş istifadə etməyin vacibliyini qeyd edib: "Azərbaycanın
güclənməsi Türkiyənin, Türkiyənin güclənməsi Azərbaycanın güclənməsidir. İnşallah
gələn tədbiri birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Qarabağda,
Xankəndində, Şuşada, Xocalıda, Laçında və digər o cənnət bölgələrimizdə qeyd edək”.
Tədbirdə Dos. Afina Barmanbay və Qafqaz Universitetinin bəzi ziyalıları çıxış
edərək Qarabağ, Şuşa həqiqətlərinin dünyada daha geniş yayılmasında harada
doğulmasından və harada yaşamasından asılı olmayaraq bütün Türklərin aktiv
olmalarının vacibliyini qeyd ediblər. Tədbirin sonunda Qafqaz Universitetinin rəhbərliyi
millət vəkili Qənirə Paşayevaya gənclərin Qarabağ həqiqətləri ilə bağlı maarifləndirilməsi
istiqamətində fəaliyyətinə görə plaket təqdim edib.








