Suriya ordusu ilk dəfə olaraq Qərb koalisiyasının hava hücumuna məruz qalıb.
Deyr əz-Zur vilayətində koalisiyaya məxsus 4 qırıcı təyyarə Suriya hərbçilərinin məskunlaşdığı düşərgəyə 9 raket zərbəsi endirib. Nəticədə 4 əsgər həlak olub, daha 13-ü yaralanıb. Nəqliyyat vasitələri və silah anbarları məhv edilib.
Hadisədən bərk hiddətlənən Suriya hakimiyyəti hücumu təcavüz əməli kimi qiymətləndirib. Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur ki, bu hadisə Qərb dövlətlərinin Suriyanın ərazi bütövlüyünə təcavüzü kimi qiymətləndirlir. Lakin ABŞ-ın rəhbərlik etdiyi koalisiya Suriya hökumət qüvvələrinin düşərgəsinin bombardman edildiyini təkzib edir.
Pentaqon nümayəndəsi Stiven Uorren bildirib ki, beynəlxalq koalisiya Deyr əz-Zuru yox, ondan 55 km aralıdakı mövqeləri bombalayıb. İstənilən halda, rəsmi Dəməşq hadisəyə görə BMT-yə müraciət edib. Baş katib və Təhlükəsizlik Şurasının rəhbərinə göndərilən məktubda hadisə qəti şəkildə pislənib və analoji hücum hallarının baş verməməsi üçün müvafiq qabaqlayıcı tədbirlərin görülməsi tələb olunub.
NATO-dan isə bildirilibki, Suriya hakimiyyəti narahat olmaya bilər. Baş katib Yens Stoltenberq bəyan edib ki, alyans İŞİD terror təşkilatıyla mübarizə üçün Suriyaya quru qoşunları göndərmək niyyətində deyil. Onun sözlərinə görə, bu, beynəlxalq koalisiya və NATO üzrə müttəfiqlərin planlarına daxil deyil.
İran isə növbəti dəfə Bəşər Əsədə dəstək verən bəyanatla çıxış edib. Ali dini lider Ayətullah Xamneyinin xarici siyasət üzrə məsləhətçisi, 1981-1997-ci illərdə İranın xarici İşlər naziri vəzifəsində çalışmış Əli Əkbər Vilayəti bildirib ki, rəsmi Tehran Suriya liderinin gələcəyi ilə bağlı məsələdə mövqeyindən geri çəkilmək niyyətində deyil. Dəməşqdə Suriya prezidenti Bəşər Əsədlə görüşü zamanı o bildirib ki, xarici qüvvələrin Suriya dövlət başçısının taleyinə müdaxilə etməsi "qırmızı cizgi”ni aşmaq deməkdir. İran buna imkan verməyəcək./atv
7news.az








