Xəbər verdiyimiz kimi Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. Müsahibə Prezident demək olar bütün sahələr üzrə aparılan işlər barədə ətraflı məlumat verib, qarşıda duran vəzifələrdən, islahatlardan danışıb. Artıq bu gün biz sosial islahatların bir qismi ilə bağlı fərman və sərəncamlarla tanış olduq. 7NEWS.az olaraq müsahibə ilə bağlı bəzi millət vəkillərinin fikirlərini öyrəndik.
"Ötən il şəhid ailələri və müharibə əlillərinə dəstək istiqamətində də önəmli addımlar atılıb. Bu kateqoriyadan olan 1500 ailəyə dövlət tərəfindən mənzillər verilib, 2021-ci ildə isə 3 min mənzil verilmişdi. Bu il də ən azı 1500 mənzil veriləcək. Beləliklə, hələ növbədə duran bu kateqoriyadan olan insanların hamısına dövlət tərəfindən mənzillər veriləcək.”
Bu rəqəmləri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində səsləndirib.
Məsələyə münasibət bildirən millət vəkili Müşfiq Cəfərov 7NEWS.az-a açıqlamasında qeyd edib ki, sosial siyasətin təməlində vətəndaş rifahının təminatı prinsipi dayanır: "Cənab prezident müsahibəsində də qeyd etdiyi kimi Azərbaycan sosial dövlətdir. Bunun ən bariz nümunəsini pandemiya dövründə və postmüharibə dövründə də şəhid ailələrinə, həmçinin, müharibə veteranlarına və qazilərlə bağlı sosial tədbirlərdir. Sosial-iqtisadi siyasətin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayanması, son 5 ildə vətəndaş rifahının təminatı istiqamətində 4-cü sosial islahat paketinin təsdiqlənməsiylə öz təsdiqini tapır. Həm ermənilər tərəfindən viran qoyulan Qarabağ bərpa edilir, həm ordu quruculuğuna xüsusi diqqət göstərilir, digər tərəfdən də əhalini rifahının yaxşılaşdırılması üçün həyata keçirilən islahatlar həyata keçirilir. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, qarşıdakı illərdə daha da güclü və dayanıqlı sosial iqtisadi sistemi olan Azərbaycan görəcəyik."
Daha sonra dövlət başçısı "Zəngəzur Dəhlizi layihəsi bizim üçün təkcə iqtisadi və nəqliyyat layihəsi deyil, strateji bir layihədir. Tam əminik ki, bu layihənin reallaşması bizim təbii hüququmuzdur" – deyə müsahibəsində bildirib.
Məsələyə münasibət bildirən millət vəkili Naqif Həmzəyev 7NEWS.az-a açıqlamasında qeyd edib ki, 44 günlük Vətən savaşı bölgədə yeni reallıqlar formalaşdırıb: "Azərbaycan 44 günlük Vətən müharibəsində zəfər çaldıqdan sonra regionda yeni reallıqlar yaranıbdır. Azərbaycanın yaratdığı bu yeni reallıqlar regionda əməkdaşlığı daha da zəruri etməkdədir. Ancaq, təəsüflər olsun ki, Ermənistan tərəfi hələ də Azərbaycanın sülh çağırışlarını müsbət cavablandırmır, müxtəlif bəhanələr irəli atır, üçtərəfli bəyanatın müddəalarını yerinə yetirməkdən çəkinir. Bəzi hallarda isə Ermənistanın havadarları Ermənistana bu öhdəlikləri yerinə yetirməyə, sanki imkan vermir. Ancaq, açıq-aydın 3 tərəfli bəyanatda qeyd olunub ki, Ermənistan Azərbaycanın qərb əraziləri ilə,yəni, Şərqi Zəngəzurla Naxçıvan arasındakı kommunikasiyalarının bərpa edilməsini təmin etməlidir. Möhtərəm Cənab Prezident jurnalistlərə müsahibəsi zamanı bu məsələyə aydınlıq gətirib və özü də qeyd edib ki, üçtərəfli bəyanatda birbaşa Zəngəzur dəhlizi termini olmasa da, açıq aydın görünür ki, əgər bu kommunikasiyadan söhbət gedirsə, bunun adını "Zəngəzur kolidoru", "Zəngəzur dəhlizi", "Zəngəzur yolu" qoymaq olar. Cənab Prezident bu üçtərəfli bəyanatdan sonra bu termini leksikona daxil etdi, ancaq istənilən halda nəticə ortada olmalıdı və Ermənistan bu öhdəliyini yerinə yetirməlidir. Bir məsələni də xüsusi ilə qeyd etmək lazımdır ki, Ermənistan prosesi uzatmaqla özünü regional lahiyələrdən təcrid edir. Zamanında Azərbaycan torpaqları ermənilər tərəfindən işğal olunmasaydı, Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ceyhan və digər beynəxalq lahiyələrdə Ermənistanın da payı olardı. Ermənistan İranla birlikdə hər hansısa bir lahiyəni reallaşdırmaq istəyirsə bu sadəcə kağız üzərinə qalıb və faktiki olaraq Ermənistanın beynəxalq layihələr reallaşdırması real görsənmir. Zəngəzur dəhlizinin açılması Azərbaycanın qərb ərazilərinin Şərqi-Zəngəzurun Naxçıvanla kommunikasiyalarının bərpa edilməsi nəticə etibarı ilə Ermənistanın da bu kommunikasiyadan istifadəsinə şərait yaradacaq və Ermənistanda Azərbaycanın yaratdığı dəhliz və beynəxalq yollar vasitəsilə digər dövlətlərə rahatlıqla çıxış edəcəkdir. Ermənistanın sadəcə Gürcüstan üzərindən Rusiyaya çıxışı var və qış aylarında bu yollarda hər zaman problem yaranır. Ancaq Ermənistan Zəngəzur yolu vasitəsilə həm dəmir yolu, həm də avtomobil yolu ilə ilin 12 ayı Rusiyaya rahatlıqla çıxış əldə etmiş olacaq, həmçinin, alternativ yollarla Xəzər dənizi üzərindən Asiyaya çıxış əldə edəcəkdir. Bu baxımdan bu iqtisadi layihə olaraq Ermənistan üçün çox önəmlidir. Bunun yalnız iqtisadi layihə olması ilə yanaşı, həm də Azərbaycanın bir strateji lahiyəsidir ki, Zəngəzur kolidoru mütləq açılmalıdır və istifadəyə verilməlidir. Cənab Prezident çıxışlarında bildirmişdi ki, nəyin bahasına olursa olsun, Zəngəzur kolidoru açılacaq, Ermənistan bunu istəsə də, istəməsə də. Yəni Ermənistan geci-tezi bu öhdəliyini yerinə yetirəcəkdir. Və biz dünən Cənab Prezidentin açıqlamasından sonra bir daha əminliklə deyə bilərik ki, Azərbaycan qarşısına qoyduğu bütün məqsədlərə çatacaqdır. Hal-hazırda regionun ən güclü ordusuna sahibik, regionun ən qüdrətli dövləti Azərbaycandır. Azərbaycan hal-hazırda beynəxalq platformda çox mühüm rol oynamaqdadır və faktiki olaraq regionda sülh və əmin-amanlığın qorunub saxlanmasında önəmi heç də az deyil. Bu baxımdan Azərbaycan Zəngəzur kolidorunun işə düşməsi ilə region dövlətləri ilə kommunikasiyaların bərpasına nail olacaqdır. Nəticə etibarı ilə region dövlətləri müxtəlif tərkibdə ikiərəfli, üçtərəfli və ya 3+3 formatında bu əlaqələri inkişaf etdirəcəkdir"
Eyni zamanda, prezident "Bu gün sirr deyil ki, Azərbaycan dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınır. Azərbaycan o ölkələrdəndir ki, öz sözünü açıq deyir, müstəqil siyasət aparır. Əlbəttə ki, bunun təməlində həm hərbi gücümüz, həm də şanlı Qələbəmiz dayanır” – deyə müsahibəsində bu məqamı xüsusi olaraq vurğulayıb.
Məsələyə münasibət bildirən millət vəkili Vüqar İskəndərov 7NEWS.az-a açıqlamasında yeni siyasi reallıqlar fonunda ölkəmizin uğurlu siyasət yürütdüyünü deyib: "Dünyada yeni siyasi arxitektura formalaşdırılır və hər bir dövlət öz mövqeyini möhkəmləndirir. 44 günlük Vətən Savaşından sonra həm siyasi, həm iqtisadi, həm də hərbi mövqeyini möhkəmləndirdi. Eyni zamanda ölkəmizin beynəlxalq aləmdə imici möhkəmləndi. Bu gün Azərbaycan dünyada öz sözünü deyən, müstəqil iqtisadi siyasət yürüdən ölkədir. Çox çətin bir mərhələni keçirik. Demək olar ki, 3-cü dünya müharibəsinin müəyyən elementlərini görürük. Belə bir dönəmdə stabillik adası qurmaq, müstəqil siyasət yürütmək bir çox dövlətlərin arzusudur. Azərbaycan Cənab prezident İlham Əliyevin rəhbərliyi ilə bu dönəmi çox uğurla keçirməkdədir. Prezidentin müsahibəsi olduqca səmimi, sadə dildə idi. Bu həm də xalqa münasibətin bariz nümunəsi idi."
Müsahibə zamanı Prezident İlham Əliyev bir daha Qərbi Azərbaycan torpaqları barədə danışıb: "Deportasiya olunmuş azərbaycanlıların Qərbi Azərbaycana qayıtmaları ermənilərə problem yaratmayacaq. Çünki onların oraya qayıtmaları orada yaşayan ermənilərin oradan çıxarılması demək deyil. Çünki o kəndlər boşdur və biz, əlbəttə ki, əlimizdə olan bütün imkanlardan istifadə edəcəyik.”.
Məsələyə münasibət bildirən millət vəkili Elşən Musayev qeyd edib ki, Azərbaycan bütün məqsədlərinə çatacaq: "Həqiqətən də, Qərbi Azərbaycana qayıdış artıq tam real görünür. Çünki, ortaya ciddi bir siyasi iradə qoyulub. Cənab Prezident İlham Əliyev bir çox çıxışlarında məlum mövzu ilə bağlı mesajlarını verib və gedişat da onu göstərir ki, dövlətimizin gücü, Prezidentimizin iradəsi, əzmi və prinsipiallığı Azərbaycanı bütün məqsədlərinə, hədəflərinə çatdıracaq. Eyni zamanda xüsusi olaraq qeyd etmək istəyirəm ki, Qərbi Azərbaycana qayıdış istiqamətində sistemli iş gedir, proqram, əsasnamə hazırlanır. Bu isə ona görədir ki, məqsədə tez çatılsın. Qərbi Azərbaycana qayıdış günü uzaqda deyil. Dəyərli Prezidentimiz əgər deyirsə ki, qayıdacayıq, deməli qayıdacayıq! Bunahər kəs əmin olsun."
Amil Qurbanov
7NEWS.az
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.İstiqamətin kodu 6.3.5







