Azərbaycanda fəaliyyət göstərən çoxsaylı QHT-lər ölkədə vətəndaş cəmiyyətinin daha da inkişafına, müəyyən olunmuş QHT strategiyasının düzgün istiqamətdə irəliləməsinə çalışır və bu yöndə işlər görürlər.
Mirzə Ələkbər Fondu da bu qəbildən olan QHT-lərdəndir. Təşkilatın ayrı-ayrı insanların fərdi inkişafı, mənəvi keyfiyyətlərinin yüksəldilməsi, Azərbaycan dilinin inkişafı istiqamətində fəaliyyəti mütəmadi olaraq KİV-də işıqlandırılır və geniş oxucu kütləsinin nəzərinə çatdırılır.
Mirzə Ələkbər Fondunun prezidenti, şairin nəvəsi Sevda Tahirli qhtxeber.az-a açıqlamasına bildirib ki, təşkilat dahi şairin maarifləndirmə, Azərbaycan gənclərinin elmə, təhsilə üstünlük verməsi, daha üstün cəmiyyət quruculuğunda öz yerlərini tapması üçün atdığı addımları incələyib, həmin yolla getməyi özünə əsas istiqamət kimi seçib: “Ölməz şairin ədəbiyyatımızda yeri və rolu danılmazdır. Bundan başqa, insanların mənəvi keyfiyyətinin yüksəlməsində şairin gördüyü işlər hələ uzun müddət yaddan çıxmayacaq. Bu baxımdan, şairin adını daşıyan Fond onun zəngin mənəvi irsinin daşıyıcısı sayıla bilər. Təşkilatı yaratdığımız elə ilk günlərdən biz məhz bu yolu seçmişik. Gənclərə milli-mənəvi dəyərlərin aşılanması, mədəniyyətimizin təbliği, dilimizin qüsurlardan təmizlənməsi, ayrı-ayrı TV və saytlarda gedən üslub və qrammatik səhvlərin monitorinqi prioritet istiqamətlərimizdəndir. Bu istiqamətdə xeyli işlər görmüşük və bu, ictimaiyyət tərəfindən müsbət qarşılanıb”.
QHT sədri Fondda keçirilən “Fərdi özünüinkişaf təlimləri” adlı tədbirdən də danışıb: “Son günlər silsilə olaraq “Fərdi özünüinkişaf təlimləri” mövzusunda təlimlər təşkil etdik. Belə tədbirlər gənclərin özünəinamının gücləndirilməsində, onların motivasiyasını artırılmasında, şəxsi keyfiyyətlərinin müsbətə doğru irəliləməsində əvəzsiz rola malikdir. Tanınmış təlimçi, ölkədə QHT-lərin bir nömrəli tribunası sayılan qhtxeber.az portalının baş redaktoru Sənan Nəcəfovla razılaşmamız var. O, Fond tərəfindən reallaşan bu təlimlərdə gənclərlə işləməyi, onlara təlim keçməyi öz üzərinə götürüb və deyim ki, yüksək peşəkarlıqla apardığı təlimlər iştirakçılara olduqca xoş təsir bağışlayıb. Adını çəkdiyim tədbirlər özünün dinamikliyi, pozitivliyi və rəngarəngliyi ilə seçilib. Biz fond olaraq bu kimi təlimlərin gələcəkdə də keçirilməsini təmin edəcəyik ki, daha çox gəncimiz bu təlimlərdən yararlansın”.
Xatırladaq ki, Mirzə Ələkbər Sabir Fondunun təşkilatçılığı ilə keçirilən, həftə sonlarına təsadüf edən təlimlərə ayrı-ayrı universitetlərdən onlarla gənc qatılır. Təlimlər “Kütlə qarşısında mükəmməl nitq”, “NLP ilə mükəmməl ünsiyyət qurma bacarığı”, “Vaxtın idarə olunması (Time-menecment), “Beyin xəritəsilə gələcək işlərin planlaması” (mind-map), Bədən dili, iş üçün müsahibələrə hazırlıq, ictimaiyyətlə əlaqələrin qurulması (PR-ın təşkili) mövzularını əhatələyir./qhtxeber
7news.az











