Qırğızıstanın Pervomayski Rayon Məhkəməsi keçmiş prezident Almazbek Atambayevi kriminal avtoritet Aziz Batukayevi həbsdən azad etməkdə qiyabi olaraq təqsirli bilib, lakin işin müddəti ötdüyü üçün cəza təyin etməyib.
7News.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə keçmiş dövlət başçısının vəkili Sergey Slesaryov məlumat verib.
"Artıq Batukayev barəsində hökm çıxarılıb. Atambayev işin müddəti ötdüyünə görə cəza təyin edilmədən təqsirli bilinib", - deyə vəkil bildirib.
Qeyd edək ki, Almazbek Atambayev 2011-2017-ci illərdə Qırğızıstan prezidenti olub. Hakimiyyət Sooronbay Jeyenbekova keçdikdən sonra onların münasibətləri pisləşib və Atambayev müxalifətə keçib. 2019-cu ildə onun üzərindən toxunulmazlıq götürülüb və cinayət əməlləri, o cümlədən kriminal avtoritet Aziz Batukayevin qanunsuz azad edilməsi ilə bağlı ittiham irəli sürülüb.
2020-ci ilin iyununda Atambayev Batukayevi qanunsuz olaraq azad etməkdə təqsirli bilinib və əmlakı müsadirə olunmaqla, həmçinin dövlət mükafatlarından məhrum edilməklə 11 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. 2023-cü il fevralın 13-də Qırğızıstanın Ali Məhkəməsi yeni üstü açılmış hallara görə hökmü ləğv edib, ertəsi gün isə Atambayevə ölkədən çıxmasına icazə verilib.








