RU
Qitənin enerji xəritəsini dəyişəcək layihə
13:23
50194

Qitənin enerji xəritəsini dəyişəcək layihə

“Bu kimi beynəlxalq iqtisadi layihələrin reallaşması ölkəmizə qarşı münasibəti birmənalı şəkildə müsbətə dəyişir”

Bu günlərdə Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının ikinci iclasının keçirilməsi yenidən beynəlxalq aləmin diqqətini Azərbaycana yönəltdi. Bir il bundan əvvəl keçirilmiş ilk görüşün nəticələri, layihə çərçivəsində görülən işlərin müzakirə edildiyi bu dəfəki iclasda qarşıda duran yeni vəzifələr müəyyənləşdirildi. “Cənubi Qaz Dəhlizi” Məşvərət Şurasının ikinci iclasında həm Birləşmiş Ştatlar, həm də Avropa İttifaqından yüksək vəzifəli rəsmilərin iştirakı bir daha onu təsdiq etdi ki, həm Qərb, həm də Avropa “Cənub Qaz Dəhlizi”nə xüsusi önəm verir. Çünki bu layihə Aropanın enerji təminatında mühüm rol oynayır. Bəs görəsən “Cənub Qaz Dəhlizi”nin Azərbaycan üçün hansı perspektivləri, faydaları olacaq? Bu və ya digər suallarla bağlı Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Analitik Mərkəzinin rəhbəri, siyasi icmalçı Azər Verdiyevlə söhbətləşdik. “OLAYLAR”-a verdiyi müsahibədə Azər Verdiyev layihəyə olan beynəlxalq maraqdan da söhbət açıb.

-Azər müəllim, ötən gün Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının ikinci iclası keçirildi. Ümumiyyətlə, bu layihənin perspektivi, ona olan beynəlxalq marağı necə dəyərləndirərdiniz?

-“Cənub Qaz Dəhlizi” təkcə Azərbaycan üçün yox, bütün Xəzər, Qara və Aralıq dənizləri ölkələri, ən əsası isə Avropa İttifaqı üçün çox mühüm və strateji layihədir. “Cənub Qaz Dəhlizi”nin əhəmiyyəti təkcə 3 min 500 kilometr məsafədə Azərbaycandan İtaliyayadək uzanması deyil, həm də maliyyə baxımından çox nəhəng layihə olmasıdır. Layihəyə təxminən 45 milyard dollar maliyyə vəsaiti qoyulacaq. “Cənub” qaz dəhlizi mühəndislik baxımından çox mürəkkəb layihədir və dörd əsas hissədən - “Şahdəniz-2” , Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG), Trans-Anadolu (TANAP) və “Trans-Adriatik” (TAP) layihələrindən ibarətdir. Bu, bir zəncirdir və həmin layihələr də onun halqalarıdır. Əgər bir layihədə hər hansı gecikmə olarsa, bu, bütün digər layihələrə də təsir edə bilər

-Bu dəhliz Avropanın qazla təminatında nə dərəcədə önəmli rol oynayacaq?

-“Cənub Qaz Dəhlizi” Avropada enerjinin şaxələndirilməsi üzrə ilk layihədir və onun icrası nəticəsində qitənin enerji xəritəsi dəyişəcək. Azərbaycan qazının Avropaya çatdırılmasını nəzərdə tutan "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılması Avropa İttifaqının (Aİ) enerji strategiyası üçün həyati əhəmiyyətə malikdir. Xatirinizdədirsə bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Bakıda keçirdiyi brifinqdə də qeyd etmişdi.

-Prezidentin qeyd etdiyi kimi enerji əməkdaşlığı hər hansı siyasi formatdan azad olmalıdır. Bəs Avropa buna nə dərəcədə əməl edəcək?

-Enerji amili heç zaman siyasi təşəbbüs və ya siyasi tələb vasitəsi olmalı deyil. Bu barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də öz çıxışında geniş nitq söylədi. O, enerji əməkdaşlığını siyasi formatdan ayırmasının uğurla aparan yeganə yol olduğunu xüsusi olaraq vurğuladı. Hesab edirəm ki, bu çox düzgün yanaşmadır. Dünya tarixinə nəzər salsaq görərik ki, siyasi məqsədlərin enerji təhlükəsizliyinə ancaq ziyanı dəyib. Bu mənada burada ancaq ölkələrin iqtisadi maraqları əsas götürülməlidir.

-Ümumiyyətlə, Avropanın, Qərbiun bundan sonra Azərbaycana qarşı olan qərəzli yanaşması aradan qalxacaqmı?

-Hesab edirəm ki, bu kimi beynəlxalq iqtisadi layihələrin reallaşması ölkəmizə qarşı münasibəti birmənalı şəkildə müsbətə dəyişir. Eyni zamanda qeyd edim ki, enerji təhlükəsizliyi məsələsi ölkəmizin suverenliyini daha etibarlı şəkildə sığortalamış olur. Lakin qərəzli yazılar hər zaman olub, olacaq da. Sadəcə buna əhəmiyyət verməmək, yeri gələndə isə adekvat cavab vermək lazımdı. Bu istiqamətdə isə vətəndaş cəmiyyəti, qeyri-hökumət təşkilatları ayıq-sayıq olmalıdırlar.

-Bu dəhliz Avropanın enerji xəritəsinin dəyişməsinə gətirib çıxaracaqmı?

-Bir daha qeyd edirəm ki, Azərbaycan qazının Avropaya çatdırılmasını nəzərdə tutan "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılması Avropa İttifaqının (Aİ) enerji strategiyası üçün həyati əhəmiyyətə malikdir. Burada əsas məsələ iştirakçı ölkələrin üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etməsidir.

-Bu layihənin Azərbaycan üçün faydaları nədən ibarət olacaq?

-Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsində əsas investordur. “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısının Bakıda keçirilməsi böyük əhəmiyyət daşıyır. Çünki ötən il ərzində bu strateji layihə üzrə inkişaf əldə edilib. Bu il də qarşıda duran vəzifələrə, xüsusilə də mövcud çətinliklərin aradan qaldırılması yollarına baxılacaq. Burda əsas məsələ ölkəmizin iqtisadi gücünün artırılmasından ibarətdir. Hesab edirəm ki, bu və bu kimi digər irimiqyaslı layihələr birmənalı şəkildə ölkəmizin dünya arenasına çıxışını təmin etmiş olur. /olaylar.az

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ