ABŞ-da inflyasiya səviyyəsi haqqında statistikanın açıqlanmasından öncə qızılın qiyməti dəyişməyib.
7News.Az birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun "Comex” birjasında qızılın aprel fyuçersləri 0,03%, yaxud 0,55 ABŞ dolları bahalaşaraq, 1 unsiyası 1 828,45 ABŞ dollarına satılıb. Gümüşün mart fyuçerslərinin qiyməti isə 0,5% artaraq, 1 unsiyası 23,317 ABŞ dolları təşkil edib.
Sabah ABŞ-da yanvar ayı üzrə inflyasiya səviyyəsi haqqında statistika açıqlanacaq. Ekspertlər illik inflyasiya səviyyəsinin 7%-dən 7,3%-dək sürətlənəcəyini gözləyirlər. Bu artım səviyyəsi 1982-ci ilin fevral ayından sonra rekord göstərici ola bilər. Bu halda daha yüksək inflyasiya qızılı satınalma üçün faydalı aktivə çevirir.
Yüksək inflyasiya səviyyəsi ABŞ-ın Federal Ehtiyatlar Sistemini (FES) monetar siyasəti daha kəskin sərtləşdirməyə məcbur edə bilər, bu isə ABŞ dollarına müsbət, qızıla isə mənfi təsir göstərəcək.








