Doğuş zamanı həyatını itirən Aygün Əbilovanın ailəsi istintaqın gedişindən şikayətçidir
İmişli rayon Mürsəlli kəndinin sakinləri olan Əbilovlar ailəsi doğuş zamanı həyatını itirdiyi deyilən 1989-cu il təvəllüdlü Əbilova Aygün Yaşar qızı ilə bağlı açılmış cinayət işinin gedişindən narazı və onun 7 yaşlı övladının taleyindən narahatdırlar. Bu barədə mərhumənin anası Qaydabəyim Əbilova və bacısı Railə Əbilova bildirib.
Əbilovların sözlərinə görə, həkimlərin səhlənkarlığı nəticəsində həyatını itirən bacısı ilə bağlı onlar məlumatsızdırlar: "Bircə dəfə bizimlə müstəntiq görüşüb, şikayətimizi qeyd edib. Hazırda cinayət işinin nə yerdə olması barədə məlumatımız yoxdur. Aygündən yadigar olan 7 yaşlı Fatiməni isə görə bilmirik. Onun atası tərəf qızı bizə göstərmir. Biz onun taleyindən narahatıq. Hökumət və qeyri-hökumət təşkilatlarını bizə kömək etməyə çağırırıq. Qızımi itirdik, heç olmasa nəvəmi itirməyək. İmişlidə yaşayan Aygünü öncə Sabirabadda, sonra isə meyitini Şirvanda axtarmalı olduq. Onun ölümü ilə bağlı xəbər bizə gec bildirilib. Onun İmişli xəstəxanasından Sabirabad xəstəxanasına aparılmasının səbəbi ilə maraqlananda bildirilib ki, hamilə qadını müayinə edən həkimlər təbii doğuşu riskli hesab edərək, qeysəriyyə əməliyyatının aparılmasını zəruri biliblər. Ona görə də Sabirabada göndəriblər. Amma Sabirabaddakı müayinə zamanı bu əməliyyatdan imtina olunub və təbii doğuş aparılmasına qərar verilib. Doğuş prosesi zamanı qəfildən xəstənin halı pisləşib və onun həyatını xilas etmək mümkün olmayıb".
Əbilovlar deyir ki, Aygün ailə qurduğu 8 il ərzində dəfələrlə onu ata evinə gətiriblər. Buna səbəb baldızlarının və qayınatasının onunla tez-tez dava etməsi olub. Mərhumə ölümündən bir neçə gün öncə ultrasəs müayinəsindən keçib, sağlamlığında problem aşkar olunmayıb.
Şikayətçilərin tələbi budur ki, cinayət işinin gedişatı barəsində onlara məlumat verilsin, ana-balanın ölümünün səbəbkarları tez bir zamanda cəzalandırılsın və 7 yaşlı Fatiməni görməyinə icazə versinlər. Əbilovlar qəzetimiz vasitəsi ilə Baş Prokurorluğa, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə və Səhiyyə Nazirliyinə müraciət edərək, mərhumənin ölüb səbəbinin obyektiv araşdırılması üçün məsələni nəzarətə götürməyə və azyaşlı Fatimənin həyatını gözləyə biləcək təhlükədən xilas etməyə çağırır.
Əbilovlar ailəsinin şikayəti əsasında adıçəkilən rəsmi qurumlara sorğu göndərdik. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirildi ki, məsələ ilə bağlı müraciət aidiyyatı üzrə İmişli rayon İcra Hakimiyyətinə göndərilib: "İcra Hakimiyyətindən komitəyə bildirildi ki, Aygün Əbilovanın ölüm səbəbləri Səhiyyə Nazirliyinin xüsusi kollegiya iclasında müzakirə edilib və İmişli rayon Mərkəzi Xəstəxanasının mama-ginekoloqunun A.Əbilovanın Sabirabad Perinatal Mərkəzə göndərilməsi barədə çıxardığı qərar düzgün hesab edilərək, xəstəyə göstərilən tibbi xidmət zamanı səhvə yol verilmədiyi qeyd olunub. Hazırda A.Əbilovanın ölümü ilə bağlı cinayət işinin istintaqı Sabirabad rayon Prokurorluğunda davam etdirilir. Bundan başqa, A.Əbilovanın anası və digər yaxın qohumları rayon İcra Hakimiyyətinə dəvət edilib, onlarla müvafiq söhbət aparılıb. Həmçinin, azyaşlı uşağın atası Əmənov Bakir Hacağa oğlu da İcra Hakimiyyətinə dəvət edilib, İcra Hakimiyyətinin Qəyyumluq komissiyasının üzvləri ilə görüşüb və ona uşağın qohumları ilə görüşməsinə şərait yaradılması barədə qanunvericiliyin tələbləri izah edilib. Ə.Bakir uşağın qohumları ilə görüşməsinə şərait yaradacağını bildirib və bununla bağlı Komissiyaya yazılı izahat verib".
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən sorğumuza verilən cavabda bildirilir ki, nazirliyin Doğuşa Yardım Komissiyası Sabirabad Mərkəzi Rayon Xəstəxanasında 5 avqust tarixində Əbilova Aygün Yaşar qızının dünyasını dəyişməsi ilə əlaqədar araşdırma aparıb: "Araşdırma nəticəsində müəyyən edilib ki, Əbilova Aygün Yaşar qızının ölümünə səbəb dölyanı mayenin emboliyası olub. Araşdırmanın yekunu üzrə sənədlər müvafiq strukturlara təqdim olunub".
Baş Prokurorluğa göndərdiyimiz sorğuya isə belə cavab verilib: "Faktla bağlı Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə məhkəmə-tibbi ekspertiza təyin olunub. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir".
7news.az








