Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Elməddin Əhmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə E.Əhmədov 18 il azadlıqdan məhrum edilib.
Daxili İşlər Nazirliyinin (DİN) yaydığı rəsmi məlumata əsasən, 2016-cı ilin yanvarın 15-də Quba şəhərində yerləşən "Retro” istirahət mərkəzində Sumqayıt şəhər sakini Könül Zalovanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.
Qeyd edək ki, Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Könül Zülfü qızı Zalova tanışı, 1982-ci il təvəllüdlü Elməddin Əziz oğlu Əhmədovla birgə istirahət etmək üçün yanvarın 13-də Quba rayonu Qəçrəş yaşayış massivində fəaliyyət göstərən "Retro” ailəvi istirahət mərkəzinə gediblər.
Onlar gecəni bir yerdə keçiriblər. Yanvarın 14-də E.Əhmədovla K.Zalova arasında mübahisə düşüb. Aralarında yaranmış mübahisə zəminində E.Əhmədov K.Zalovanı boğaraq öldürüb. Daha sonra isə K.Zalovanın "İnfiniti FX 35” markalı, 10 OD 999 dövlət nömrə nişanlı avtomobilini və mobil telefonunu götürərək hadisə yerindən qaçıb. Həyata keçirilən tədbirlər nəticəsində E.Əhmədov tutularaq istintaqa təhvil verilib./trend
7news.Az








