RU
Quldurluq törədənlərin şikayəti təmin edilməyib
13:22
761

Quldurluq törədənlərin şikayəti təmin edilməyib

Bakı Apellyasiya Məhkəməsində Bakı ş. sakinləri Ruslan Rzayev, Nail Mehralıyev və Muğan Teymurlunun CM-nin 181.2.1 (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 181.2.5-ci (quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

7news.az xəbər verir ki, bu il martın 28-nə keçən gecə Xətai rayonunun Nobel prospektində Ruslan Rzayev, Nail Mehralıyev və Muğan Teymurlu Siyəzən rayon sakini Ruslan Hüseynova hücum ediblər və bıçaqla hədələyərək, ona məxsus 53 manat pulunu alıblar. Bununla əlaqədar zərərçəkən Xətai RPİ 37-ci polis bölməsinə şikayət edib, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxslər saxlanılaraq, istintaqa təqdim edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Rzayev 10 il, N.Mehralıyev və M.Teymurlu isə 9 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Hökmdən məhkumlar apellyasiya şikayəti veriblər.

Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ