Bakı 2015 birinci Avropa oyunları bir daha Azərbaycanın əldə etdiyi nailiyyətlərin dünyaya sübutunun ən yaxşı nümunəsi kimi tariximizə daxil oldu.
Dünya ekranlarına müxtəlif kanallarla yayımlanan oyunlar həm də foto şəkillərdə tarixiləşdi. Olimpiya oyunlarının iştirakçıları da , bu oyunları izləyən tamaşaçılar da istədikləri qədər fotolar çəkərək və ya çəkdirərək öz hisslərini, emosiyalarını biruzə verməyi bacardılar. Aydındır ki, rəsmi tədbir kimi bir çox fotomüxbirlər də ən müxtəlif idman yarışlarından bir-birindən maraqlı reportajlar hazırlayıb ictimaiyyətə təqdim edirdilər. Fotoreportajlar həyəcanla, maraqla izlənirdi , çünki mötəbər yarışlara ev sahibliyi etmək də elə asan iş deyildi. Azərbaycanımızı təmsil edən idmançılar çıxışlarına məsuliyyətlə hazırlaşıb bayrağımızı dalğalandırmaq uğrunda ciddi mübarizə aparırdılar. Təsadüfi deyildir ki, Azərbaycan millisi 21 qızıl, 15 gümüş, 20 bürünc medal qazana bilmişdir. Bakı 2015 ilk Avropa oyunları zamanı yüzlərlə, minlərlə çəkilmiş fotoşəkillər içərisində biri hamımıza çox yaxın,çox əzizdir. Olimpiya oyunlarının gedişində ölkəmizin yarışlarda qazandığı qələbənin ən yüksək zirvəsini nümayiş etdirən həmin foto çox tez bir zamanda məşhurlaşdı. Demək olar ki, bütün kütləvi informasiya vasitələrini “ zəbt edən “ bu foto Azərbaycan idmanının gücünün,qələbəsinin simvoluna çevrildi. Parolimpiyaçı idmançı, cudoçu İlham Zəkiyevin prezident İlham Əliyevi fəxri kürsüyə dəvəti anlarını tarixiləşdirən şəklin müəllifi Rüstəm Fərman oğlu İsmayılovdur. AZpress.AZ xəbər saytının xüsusi fotomüxbiri Rüstəm İsmayılovun “ Qürurverici hisslər “ adını verdiyi həmin şəkil, həqiqətən, adına uyğundur. Azərbaycan Dövlət Himninin sədaları altında dalğalanan bayrağımız fonunda qələbəyə sevinən,qürur hissi keçirən prezidentimiz özü də bizim üçün bir qürur mənbəyidir! Və bu anı tutmağı bacaran, o hissləri paylaşdıran, Vətənin əzəmətini, sevgisini bizə çatdıran fotoqrafın öz sənətinə olan vurğunluğunun, məsuliyyətinin əməyidir bu şəkil . Rüstəmin Bakı 2015 və digər tədbirlərdən hazırladığı fotoreportajları daim maraqla izlədiyimdən onunla görüşüb müsahibə almağa qərar verdim. Ölkədə artıq tanınmaqda olan fotoqraflardan biri kimi onun fəaliyyəti ilə tanışlıq mənim üçün xoş bir hadisə oldu. Rüstəm Fərman oğlu İsmayılov 1980 –ci il sentyabrın 20-də Bakıda anadan olmuşdur. 1997- 2007-ci illərdə Xətayi rayonundakı 263 saylı məktəbi bitirmişdir. Elə həmin il də Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin sənətşünaslıq fakültəsinin teatrşünaslıq ixtisasına daxil olmuşdur. Ali məktəbi bitirdikdən sonra hərbi xidmətini layiqlə başa vurmuşdur. Hələ uşaqlıq illərindən foto sənətinə həvəsi 2 004- 2 005-ci illərdə bir neçə qəzet və jurnalda jurnalist kimi fəaliyyət göstərməsinə kömək etmişdir. R. İsmayılov peşəkar fotoqraf kimi, fotomüxbir kimi yetişməsində AZpress.AZ xəbər saytının onun həyatında böyük rol oynadığını deyir. 2 005-ci ildən bu günə qədər həyatını bu xəbər saytı ilə bağlayan fotomüxbir artıq bir çox ciddi uğurlar əldə edə bilmişdir. Rüstəm bu uğurların əldə edilməsində müəllimi Rasim Sadıxovun böyük əməyi olduğunu qeyd edir. “ Uşaqlıqda böyüyəndə polis olmaq arzusu ilə yaşayırdım “ deyən Rüstəm İsmayılov seçdiyi fotoqraf sənətinə görə heç də peşman olmadığını bildirdi. “ İlk çəkdiyin fotonu xatırlayırsanmı ? “ – sualına “Bəli “ cavabını aldım. Filarmoniya bağını çəkdiyini xatırlatdı. Rüstəmin çəkdiyi bu şəkil həmin dövrdə bir sıra kataloqlarda, kitabçalarda yayımlanmışdı. Demək olar ki, 2 008-ci ildən indiyədək peşəkar fotoqraf kimi tanınan Rüstəm Fərman İsmayılov həyatın ən müxtəlif sahələrini əhatə edən ,çox rəngarəng fotoları ilə hamı tərəfindən rəğbətlə qarşılanır və sevilir. Həyatda ən lazımlı, yaddaqalan , unudulmaz anları vaxtında cəld tutmaq, əbədiləşdirmək həm də fotoaparatdan düzgün,faydalı şəkildə istifadə etmək deməkdir. Bu barədə sənətkar da öz fikirlərini bildirir. O, deyir ki, bu gün fotoaparatdan istifadə edən gənclərin sayı artmaqdadır, amma bu, o demək deyildir ki, aparatın düyməsini basıb hansısa şəkli çəkməklə iş bitmiş olur. Fotoqraf olmaq bəlkə də ən məsuliyyətli və ağır işlərdən biridir. Hər bir foto çəkilərkən mövzusundan tutmuş rəng çalarlarına, məkan , zaman və digər incəliklərə qədər hesablanmalı, nəhayət uğurlu an kadra salınmalıdır. Hər bir foto məsuliyyət ,cavabdehlik tələb edir. Rüstəmin,yuxarıda haqqında danışdığımız fotosu məhz ciddi,məsuliyyətli işinin nəticəsidir.Öz üzərində daim çalışan, fotoqrafiya sahəsindəki yenilikləri ,yeni proqramları öyrənən və fotoaparat vasitəsi ilə bu yenilikləri reallaşdırmağı bacaran sənətkar “ Bakı 2 015 : Xoşbəxt anlar “ adlı fotosərgidə “ Qürurverici hisslər “ə görə birinci yerə layiq görülmüşdür. Sərgi bu il iyulun 15-də “ Kiçik Qala “ qalereyasında açılmışdır. “ Arts Council Azerbaijan “ ( “Azərbaycan İncəsənət Konsulluğu “ ) və Birinci Avropa Oyunlarının rəsmi tərəfdaşı olan “ Azerbaijan Coca –Cola Bottlers “ şirkətinin təşəbbüsü və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil edilmişdir. Azpress.AZ xəbər saytının xüsusi fotomüxbiri Rüstəm İsmayılovun “ Qürurverici hisslər “ adlı fotosu birinci yer tutmuşdur. Qeyd edək ki, iyulun 22-dək davam etmiş sərgidə müsabiqədə seçilmiş 50-dək foto nümayiş etdirilmişdir. Qaliblər diplom və hədiyyələrlə təltif olunmuşlar. Bakı 2 015 –də hansı idman növünü daha maraqla izlədiyi ilə maraqlandıq. Azərbaycan güləşçilərinin çıxışlarını həyəcanla izləməklə yanaşı yaddaqalan kadrları çəkməyi unutmadığını söylədi. Bakı 2 015 R. İsmayılovun iştirak etdiyi ilk tədbir deyildir. Respublikamızın ictimai-siyasi və iqtisadi həyatı ilə bağlı olan tədbirlərin əksəriyyətində iştirakına xüsusi önəm verən fotomüxbir rəsmi dövlət tədbirlərinin əhəmiyyətini xüsusi qeyd edir. Dövlət tədbirlərindəki iştirakına görə bir sıra nazirliklər tərəfindən fəxri fərmanlarla,diplomlarla təltif olunmuşdur. Onun foto müsabiqələrdə, sərgilərdə iştirakı da təqdirəlayiqdir. Onlardan bəzilərini sizə təqdim edirik :
2 010-cu ildə “ Baharın 60 anı “ adlı sərgisi keçirilmişdir.
2 011-ci il 18 fevralda Bakı şəhəri Gənclər və İdman Baş İdarəsi “ Azərbaycan deyəndə “ toplusunun hazırlanmasında gənclərin vətənpərvərlik sahəsində keçirilən tədbirlərdə yaxından iştirakına görə fəxri fərmanla təltif olunmuşdur.
2 011-ci il 7- 11 dekabrında Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən “ Gənc jurnalistlər üçün qış məktəbi” ndə iştirak etmişdir.
2 013-cü il 24-29 iyun “ II Göçek –Gürsu- Pirnaz Yayla Yürüçü “ adlı incəsənət festivalında iştirak etmişdir.
2 015-ci ildə Mədəniyyət və Turizm Nazirliyi ilə fəal əməkdaşlığa görə Azərbaycan Milli mətbuatının 140 illiyi yubileyi münasibəti ilə fəxri fərmanla təltif olunmuşdur. Və nəhayət “ Bakı 2015 : Xoşbəxt anlar “ sərgisində layiqli I yer....
Rüstəm İsmayılov fotomüxbir olsa da vaxtilə bitirdiyi sənətşünaslıq və teatrşünaslıq sahəsini də unutmamışdır. Azərbaycan teatr və musiqisi ilə bağlı ən əhəmiyyətli tədbirlərin, görüşlərin iştirakçısı kimi öz sözünü deməkdə davam edir. Rüstəm İsmayılov Cəfər Cabbarlı adına Teatr Muzeyinin laboratoriya müdiri seçilmişdir. Eyni zamanda öz həmkarları ilə də bölüşməyi bacarır. O, Rauf Umudov, Dilavər Nəcəfov, Vüqar İbadov və digər istedadlı fotoqraflarımız ilə daim əlaqə saxlayır. Vaxtı ilə bu peşənin dərinliklərini özü öyrənirdi,indi isə o, öz tələbələrini yetişdirir. Maraqlıdır ki, qardaşı Nəriman İsmayılov da foto sənətində ilk addımlarını atmağa başlamışdır. Sentyabrın 20-də istedadlı, bacarıqlı, peşəkar fotoqraf Rüstəm İsmayılovun doğum günüdür.
7news.az xəbər saytının kollektivi ad günü münasibəti ilə onu təbrik edir, gələcək işlərində uğurlar arzu edir !








