Eyyub Hüseynov: "İstehlakçının hüququ var ki, malın üzərindəki
qiyməti ödəsin”
Redaksiyamıza oxucu tərəfindən "Rahat” marketlərindən şikayət məktubu gəlib. Məktubda
adıçəkilən marketlərdə ərzaq məhsullarının qiyməti ilə kassadakı qiymətin uyğun
gəlmədiyi deyilir.
Oxucu yazır ki, satıcılara bu barədə irad bildirdikdə onlar
qiymətlərin dəyişdiyini, lakin piştaxtalarda düzəliş etməyi unutduqlarını
deyirlər. Biz də məsələni araşdırmaq üçün hər iki marketə baş çəkdik.
Marketdə
piştaxtalarda bəzi məhsulların üzərinə qiymət yazılmamışdı. Bəzilərində isə bir
qiymət digər məhsulun altında idi. Təbii ki, yaşlı insanlar məhsulun adını
kağızda çox kiçik yazıldığı üçün oxuya bilmədikdə almaq istədikləri məhsulun
qiymətini həmin qiymət sanırlar. Bu zaman kassada real qiymət vurulanda müştəri
aldadıldığını düşünür. Satıcılardan bir məhsulun qiymətinin sürüşərək
yanındakına getməsinin, bir sıra məhsulların isə qiymətlərinin nəyə görə
olmadığını soruşduqda onlar bunu müştərilərin etdiklərini dedilər. Ancaq bir
sıra məhsullar da vardı ki, onların qiymətində 5-10 qəpik artım olsa da,
piştaxtada yeni qiymət yazılmamışdı.
Satıcı Aysel İbrahimova alıcılar məhsulların qiymətinə baxarkən qiymətləri
sürüşdürdüyünü, bəzən isə azyaşlıların bu kağızları götürdüklərini dedi.
Marketdə deyilənlərin həqiqət olduğunu yoxlamaq üçün üzərində qiyməti yazılan
bir neçə ərzaq məhsulu aldıq. Çekə baxdıqda düzgün hesablandığını gördük. Qiymətlər
necə idisə, elə də hesablanmışdı.
Baş çəkdiyimiz "Rahat” marketdə kassa xidməti bərbaddır. Ancaq burada hansısa məhsul barədə məlumat almaq istəsəniz çətin
ki, bir satıcı tapasınız. Burada da bəzi məhsulların qiyməti bahalaşsa da,
piştaxtada dəyişiklik edilməmişdi. Qiymətlərin bəzilərində 5-10 qəpik bahalaşma
olsa da, satıcılar qiymətləri hələ dəyişmədiklərini, ancaq artıq bu işə
başladıqlarını deyirdilər. Müştəri ilə market arasında narazılıq da buradan
qaynaqlanır.
Ümumi müşahidələrimiz əsasında deyə bilərik ki, marketdə istehlakçının
aldadılması faktoru var. Maraqlıdır, bəs bu məqamda alıcı nə edə bilər?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu kimi halların
istehlakçının bir başa hüququnun pozulması olduğunu dedi: Ölkə prezidenti
2011-ci ildə Nazirlər Kabinetinin yığıncağında dedi ki, ölkədə şişirdilmiş qiymətlər
var. Dövlət orqanları buna qarşı mübarizə aparmalıdır. Təəssüflər olsun ki, Azərbaycanda
satışın müasir texnologiyaları tətbiq olunduqca istehlakçıların soyulması da
paralel olaraq gedir. Market sahiblərinin hamısı birmənalı şəkildə deyir ki,
qiyməti dəyişmək yadımızdan çıxıb. Yadınızdan çıxıbsa, bir dəfə də qiymət
kağızda yuxarı, kassada aşağı olsun. Bu barədə bizə bir məlumat da olsa, gəlməyib.Ancaq
piştaxtada ucuz, kassada baha olması ilə bağlı çoxlu şikayətlər gəlib. Bu isə
birbaşa istehlakçının aldadılması və istehlakçı hüquqlarının pozulmasıdır.
İstehlakçının hüququ var ki, malın üzərindəki qiyməti ödəsin. Belə hallarla
rastlaşanda istehlakçılar İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti
və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat verməlidirlər.
Çox təəssüflər olsun ki, adını çəkdiyim qurum bu sahədə ciddi nəzarət apara
bilmir. Ümumiyyətlə, supermarketlər şişirdilmiş mal qiymətlərinin
yaradılmasında böyük rol oynayan şəbəkədir. Marketlər üçün Nazirlər Kabinetinin
təsdiq etdiyi heç bir qərar yoxdur. Marketlərdə ora mal gətirən sahibkarlardan
külli miqdarda pullar alınır, cürbəcür aksiyalarda mal sahibləri iştirak edir.
Burada çox böyük problemlər yaşanır. Bu kimi hallarla rastlaşan istehlakçılar
İqtisadiyyat Nazirliyinə məlumat verməlidirlər ki, həmin marketlərə qarşı cəza
tədbirləri görülsün və orada yoxlamalar keçirilsin”. /musavat/legion
7NEWS.az








