Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Sünik (Zəngəzur) vilayətinə yollanır.
Vilayətin yerli sakinləri isə yolu kəsiblər. Onlar Paşinyanı Sünikə buraxmaq istəmirlər.
Gorisin meri, Paşinyanın yolunu kəsməyə çağırmış Aruş Aruşyanyanı isə polis saxlayıb.
Yolda isə polislə yerli sakinlər arasında toqquşma başlanıb.
N.Paşinyan isə səhər saatlarında Facebook səhifəsində canlı yayım edərək süniklilərə üz tutub.
"Qarşınızdakı öhdəlikləri həmişə yerinə yetirmişəm və yetirməyə davam edirəm. Sünik ərazisinin bir millimetri də kimsəyə verilməyəcək", - Paşinyan deyib.
O, daha sonra bildirib: "Sünikə yollanmağımın məqsədi insanları narahat etmək, vəziyyəti gərginləşdirmək və ya yaralara duz tökmək deyil. Əksinə, süniklilərə sayğı və hörmətim səbəbindən Sünikə yollanıram. Ən başlıcası isə, süniklilərin gözlərinin içinə baxaraq onların suallarına cavab verməyi, vəziyyəti izah etməyi düşünürəm".
... Bu gün səhər saat 6-dan etibarən Sünik vilayətinin girişi sayılan "Sünik darvazası" adlanan yerə yığışan yerli sakinlərin fikrincə, Nikol Paşinyan bölgənin təhlükəsizliyini təmin etmir. Tam əksinə, sünikli ermənilərin bir qrupu əmindir ki, Paşinyanın son qərarları, daha doğrusu, qərarsızlığı bölgə üçün təhlükədir.

Sünikin Azərbaycanla həmsərhəd bölgələrinin sakinlərinin dediklərinə görə, vəziyyət "çox pisdir".
Onları narazı salan məqam noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəflri bəyanatdır.
Yolu kəsmiş süniklilərdən biri deyib: "Nikol Paşinyan imzaladığı anlaşma ilə hamımızı oda atıb. Azərbaycanla münasibətlər azacıq kəskinləşən kimi Sünikin başı dərddə olacaq. Qarşıdurma olarsa, Qafan elə ilk saatlarda məhv ediləcək. Yollar kəsiləcək. Süniki Ermənistanın yerdə qalan ərazilərindən çox qısa müddətdə ayırmaq olacaq. Münasibətlər kəskinləşməsə belə, Qafan-Goris yolunun mühafizəsində kim durursa-dursun, yolla gedənlərin təhlükəsizliyini təmin edə bilməyəcək. Adam oğurluğu, "təsadüfi" atışmalar, problemlər - budur Süniki gözləyən. Azərbaycanlılar Qafanın 1 kilometrliyindədir. Yeni sərhəddən sonra azərbaycanlılar Qafan aeroportunun vur-tut 200 metrliyindədir. Paşinyan Qarabağ kimi, Süniki də Azərbaycana vermək istəyir. Nikol 5 milyard dollara Qarabağı, 3 milyard dollara Süniki satıb!"
Sünikdə yerli sakinlər Ermənistan-Azərbaycan sərhədinin demarkasiyasının və delimitasiyasının dayandırılmasını tələb edirlər.
Nikol Paşiyan isə fikrində qətidir.
O, Sünikdə, yəni Zəngəzurda Meğri, Qafan, Goris, Sisyanda olmağı planlaşdırır.
Süniklilər isə deyirlər ki, Qafan şəhəri ilə yanaşı, Kaxnut (Novruzlu), Davit-Bek (Zeyvə), Ujanis (Ucanis), Eqvard (Yeğvard), Aqarak(Əkərək), Diçmayri (Aşağı Qaraçimən), Syunik (Sünik), Çakaten (Çakaten), Şikaox (Şıxovuz), Nerkin Hand, Tsav (Tsab) və Gexanuş kəndləri ətrafındakı hakim yüksəkliklər Azərbaycan Ordusunun nəzarətinə keçəndən sonra onların yaşamları "çox pis" olub.
Onların fikrincə, Goris-Davit Bek və Qafan-Çakoten yollarının bir hissəsinin Azərbaycanın nəzarətinə keçməsi Ermənistanın vəziyyətini ciddi şəkildə pisləşdirir.
Lakin reallıq budur ki, Goris-Davit Bek yolunun 21 kilometrlik hissəsi həm də rusiyalı sərhədçilərin nəzarətindədir. Azərbaycanlı sərhədçilərlə sürəkli təmaslarda olan rusiyalı sərhədçilər müşahidə məntəqələrinin yerləşəcəyi məkanları da müzakirə edirlər.
Qafan-Çakoten yolunda da analoji vəziyyətdir.
Həmin yolların bir hissəsinin Azərbaycan ərazisində qalmasının əsas səbəbi olur ki, Ermənistan Birinci Qarabağ Savaşında Azərbaycan ərazilərinin 20 faizini işğal edəndə, Zəngilan və Qubadlını ələ keçirəndə Ermənistanla Azərbaycan arasında dövlət sərhədininin bu rayonlara düşən hissəsini ermənilər "ləğv" etmişdilər.
İndi isə sərhədlər sovet dövründəki xəritələrə əsasən bərpa edilir, demarkasiya və delimitasiya olunur. Bütün proseslər beynəlxalq hüquq çərçivəsində aparılır.
... Sünikliləri və ümumiyyətlə, Ermənistandakı müxalifəti sinirləndirən digər məqam simvolizmlə bağlıdır.
Bu gün qatil erməni, faşizm və nasiszm ideyalarının təbliğatçısı Qaregin Njdenin ad günüdür. Ermənilərin "milli qəhrəman" hesab etdikləri Njde məhz Sünikdə, yəni Zəngəzurda azərbaycanlılara qarşı qırğınların törədilməsinə başçılıq etmişdi.
Njdenin ad günündə Nikol Paşinyanın Sünikə yollanmasını erməni müxalifətçilər "messic" hesab edirlər.








