RU
12:23
772

"Birmənalı şəkildə vətəndaşların həyat tərzinin daha da yaxşılaşdırılmasına hesablanıb"-Azər Verdiyev

Azər Verdiyev: "Birmənalı şəkildə vətəndaşların həyat tərzinin daha da yaxşılaşdırılmasına hesablanıb"

"Bu dəyişikliklər ölkəmiz üçün yaxşı mənada dönüş ola bilər"

Məlum olduğu kimi Azərbaycan növbəti mühüm siyasi proses ərəfəsindədi. Belə ki, sentyabrın 26-da Azərbaycanda Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi keçiriləcək. Məlumat üçün qeyd edək ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrin 12-də keçirirlən ümumxalq səsverməsi-referendum yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası dünyanın ən mütərəqqi əsas qanunlarından sayılır. Bununla belə zamanın tələbindən irəli gələrərək, eyni zamanda bir sıra mühüm hüquqi normalara konstitusion status vermək üçün 2002-ci il avqustun 24-də ümumxalq səsverməsi-referendum keçirilib, Konstitusiyanın 22 maddəsinə ümumilikdə 31 dəyişiklik və əlavələr edilib. 2009-cu il, martın 18-də ümumxalq səsverməsinə çıxarılan Referendum Aktının layihəsində isə 29 maddə üzrə 41 dəyişiklik və əlavənin edilməsi təklif olunmuşdu. Ötən konstitusiya islahatlarıından sonra Azərbaycanın ictimai-siyasi həyatında baş vermiş köklü dəyişikliklər növbəti dəfə ölkəmizin Əsas Qanuna bəzi əlavə və dəyişikliklərin edilməsini obyektiv tələbata çevirib. Məhz bu zərurəti nəzər alan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin 18 iyul tarixində "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktı layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə sərəncam imzalayıb. Referendum Aktına görə, Konstitusiyanın 23 maddəsinə (9, 24, 25, 29, 32, 36, 47, 49, 53, 56, 57, 58, 59, 60, 68, 71, 85, 89, 100, 101, 105, 121, 126) əlavə və düzəlişlərin edilməsi, habelə yeni 6 maddənin (98, 103, 106, 108, 110, 146) əlavə edilməsi nəzərdə tutulur. Bəs görəsən, Azərbaycan Konstitusiyasına ediləcək əlavə və dəyişikliklər ölkəmiz üçün hansı üstünlüklər verəcək? Ümumiyyətlə, bu dəyişikliklər ölkənin idarəetmə sisteminə nə kimi müsbət yeniliklər gətirəcək? Bu və ya digər məsələlərlə bağlı Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Analitik Təhlil Mərkəzinin sədri, politoloq Azər Verdiyevlə söhbətləşdik. Azər Verdiyev "OLAYLAR"-a verdiyi müsahibədə konstitusiyaya əlavə dəyişikliklərə əsasən birinci vitse-prezident və vitse-prezident postlarının yaradılmasının əhəmiyyəti, bunun idarəetmə prosesinə gətirəcəyi yenilik barədə də danışıb. Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Analitik Təhlil Mərkəzinin rəhbəri konstitusiyaya edilməsi nəzərdə tutulan əlavə və dəytişiklikləri bəzi siyasi qüvvələrin süngü ilə qarşılamasına da münasibət bildirib.

-Azər bəy, məlum olduğu kimi sentyabrın 26-da Azərbaycanda növbəti dəfə konstitusiyaya əlavə dəyişikliklər məqsədilə ümumxalq səsverməsi (referendum) keçiriləcək. Sizcə bu dəyişikliklər hansı zərurətdən meydana çıxdı və dəyişikliklərin mahiyyəti nədən ibarətdir?

-Tarixə nəzər salsaq görərik ki, hər bir sağlam dövlət zaman-zaman öz idarəçilik sistemlərini də təkmilləşdirir. Azərbaycanda da əsası Ulu Öndər tərəfindən qoyulan siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla icra edilməkdədir. Son 10 ildə isə ölkəmiz iqtisadi baxımdan daha da güclənib. Bu isə öz növbəsində daha çevik və daha effektiv idarəçilik sistemi tələb edirdi

-Konstitusiya dəyişikliyi ölkədə idarəetmənin təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının daha möhkəm təmin olunması, eyni zamanda ölkə vətəndaşlarının daha yaxşı yaşaması baxımından nə dərəcədə əhəmiyyətlidir?

-Referenduma çıxarılan dəyişikliklərin hər biri birmənalı şəkildə vətəndaşların həyat tərzinin daha da yaxşılaşdırılmasına hesablanıb. Burada əsas məqam insan hüquq və azadlıqlarının ən ali səviyyədə qorunması, gənclərin idarəçilik proseslərinə cəlb edilməsindən ibarətdir.

-Dəyişikliyə əsasən birinci vitse-prezident və vitse-prezident postlarının yaradılması da nəzərdə tutulur. Sözügedən vəzifələrin yaradılması idarəetmə prosesində hansı müsbət məqamlara yol aça bilər?

-Bu sistemin tətbiqi Azərbaycan reallıqları baxımından daha əhəmiyyətli və daha önəmlidir. Bu gün siyasi və iqtisadi cəhətdən qüdrətli ölkəyə çevrilmişik. Belə olan təqdirdə idarəçilik sistemi də adekvat olaraq bu tələblərə cavab verməlidir.

-Bir sıra siyasilərin bu dəyişikliyi süngü ilə qarşılamasının başlıca səbəbi nədir?

-Ölkənin ən ciddi siyasi partiyaları və şəxsləri birmənalı şəkildə referenduma çıxarılan dəyişiklikləri dəstəkləyirlər. Bir qrup insanlar isə bunu süngü ilə qarşılasalar da, lakin ona tutarlı arqumentlır gətirə bilmirlər. Bu da onu göstərir ki, bu tip mövqelər qərəzli və planlı şəkildə ortaya qoyulur.

-Sizcə, ölkə vətəndaşları sentyabrın 26-da bu dəyişikliklərin lehinə səs verəcəklərmi?

-Biz demokratik ölkədə yaşayırıq. Səsvermə prosesi müdaxilə olmadan azad şəkildə keçirilir. Lakin mövcud ab-havanı nəzərə alsaq böyük əksəriyyətin referenduma "hə" deyəcəklərinə əminəm. Əslində fərqlilik hər zaman lazımdır. Bu dəyişikliklər ölkəmiz üçün yaxşı mənada dönüş ola bilər.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ