Hakim partiyanın ötən gün açıqladığı namizəd siyahısında artıq üç rektorun adı yoxdur.
Partiyanın irəli sürdüyü şərtə əsasən namizəd olacaq şəxs ya rektorluğu, ya da deputatlığı seçməlidir. Buna görə də, artıq Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova və Odlar Yurdunun universitetinin rektoru Əhməd Vəliyev deputatlıqdan imtina edərək rektor kimi qalmağı seçiblər.
Hazırda siyahıda olub namizədliyi irəli sürülən daha dörd rektor da var. Bunlar Azərbaycan Tibb Universitenin rektoru Əhliman Əmiraslanov, Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov, Bədən tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Əbiyev və Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlıdır.
Bu məqamda Bədən tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Əbiyevlə əlaqə saxlanılıb. O bildirib ki, partiya necə məsləhət bilibsə, elə də olmalıdır: “Namizədliyim irəli sürülüb. Şərtə görə, rektorluqdan gedəcəm”.
Qeyd edək ki, Aqiyə Naxçıvanlının, Əhliman Əmiraslanovun və Səməd Seyidovun da rektorluqdan gedəcəyi heç kimdə şübhə doğurmur.
***
“Rektorluqdan imtina edib, deputat olaraq namizədliyimin irəli sürülməsini özüm istəmişəm”.
Bunu Müəllimlər İnstitutunun rəhbəri Aqiyə Naxçıvanlı deyib. A.Naxçıvanlı iki vəzifənin ağırlıq etdiyini düşünür: “İşlədiyim dövrdə hər iki vəzifəni layiqincə yerinə yetirmişəm. Amma hiss etmişəm ki, rektorluq məsuliyyətim deputatlıqdan bir az üstün olub. Yəni deputatlığa az fikir vermişəm. 10 ildir ki, rektor işləyirəm. Hesab edirəm ki, artıq rektor kimi öz sözümü deyə bilmişəm, indi də deputat olaraq fəaliyyət göstərim. Ümumiyyətlə, rektorluqdan getməyim nə mənim, nə rəhbərlik etdiyim kollektivim, nə də tələbələrim mənim üçün çətin olacaq. Hər zaman müxtəlif yerlərdə işləməyə öyrəşmişəm. Bu səbəbdən heç bir çətinlik və ya problem olmayacaq. Ölkəmizdə kollektivə rəhbərlik edə biləcək kifayət qədər elmli, təcrübəli və savadlı şəxslər var”.
Rektor qeyd edib ki, bu ilki seçkilərdə də deputat olaraq seçiləcəyinə ümid edir: “Seçilməyimi gözləyirəm. Çünki mənim sosial bazam kifayət qədərdir. Mən namizədliyimi verdiyim rayonda uşaqlıqdan işləyirəm. Belə ki, həmin rayonda uzun müddət Komsomol Komitəsinin birinci katibi işləmişəm. Həmçinin rayonda gənclərə rəhbərlik etmişəm. Atam və anam orada dərs deyiblər, əməkdar müəllim olublar. Hazırda qardaş və bacılarım orada işləyir.
Ümid edirəm ki, mənim öz rayonumun əhalisi yenə də mənə etimad göstərəcək”./qafqazinfo
7news.az








