RU
Rəqsanənin qızının bədəni, sahibsiz əməkdar artist, Namiqin jurnalistlərə hörmətsizliyi və qüvvəni minmək
10:14
2683

Rəqsanənin qızının bədəni, sahibsiz əməkdar artist, Namiqin jurnalistlərə hörmətsizliyi və qüvvəni minmək

Şübhəsiz ki, həftənin əsas xəbəri xalq artisti İlhamə Quliyeva ilə keçmiş köməkçisi Mehriban Hüseynova (Bəylərqızı) arasında baş verənlərdir. Bilməyənlərə tərəflərin səsləndirdiyi iddialar barədə bir neçə kəlmə. İlhamə Quliyeva bildirib ki, keçmiş köməkçisi ona cadu edib, saxta vəsiyyətnamə düzəltdirib, oğlu ilə münasibətlərinin pozulmasına səbəbkar olub və ən nəhayət, həyatına qəsd edərək bütün əmlakını mənimsəməyə cəhd göstərib. M.Hüseynovanın dediklərinə görə isə xalq artisti onu bıçaqlayıb və indiyə kimi hədə-qorxu ilə yanında saxlayıb. Şübhəsiz ki, hər iki tərəfin fikrinə hörmətlə yanaşmaq lazımdır və işə hüquqi qiymət verilənədək nəsə söyləmək çətin məsələdir. Şəxsən mənə qaranlıq qalan bircə məqam var. Bəs niyə Mehriban Hüseynova dizlərini yerə qoyub İlhamə Quliyevanın qarşısında yalvarırdı? Bu, doğrudan, hələ də mənə sirr olaraq qalır.

Xalq artisti Səməd Səmədov oxumağı əkdi, biçdi, becərdi, indi də seriala çəkilir. Özü də "Qız atası" serialına. Səmədov deyib ki, incəsənətin hər sahəsi onunçun maraqlıdır. Ardınca əlavə edib ki, yaxşı müğənni obraz yaratmağı, roldan rola girməyi bacarmalıdır, amma səhnədə. Sən bir təsadüfə bax. Səməd müəllim serialda baş qəhrəmanın əsgərlik dostu, professor obrazlarını canlandıracaq. Sənətin "professoru" başqa hansı rolu canlandıra bilər ki? Yəqin növbəti seriyalarda iti "Çelsi" də serialda rol alacaq. Nə desən gözləmək olar.

Əməkdar artist Gülnar Salmanovanın səhhəti durmadan ağırlaşır. İş o həddə çatıb ki, sənətkara nə Mədəniyyət və Turizm Nazirliyi, nə də oğlu sahib çıxmaq istəyir. Hər halda Milli.Az-ın bu istiqamətdə hazırladığı materialı oxuyanda belə qənaətə gəldim. Nazirliyə və oğluna insaf diləməkdən başqa çarəmiz qalmır.

Meyxanaçı Namiq Qaraçuxurlunun toy anonsları, nəhayət ki, bitdi. Yəni toy oldu. Amma şəxsən mənə görə Qaraçuxurlu onu insanlara tanıdan, indiki populyarlığına səbəbkar olan jurnalistlərə qarşı düzgün davranmadı. Bildirdi ki, bu addımı qonaqların rahatlığı üçün atır. Bəli, hər kəsin haqqıdır ki, toyunu medianın iştirakı olmadan keçirsin. Ancaq nə oldu? Elə həmin "narahat" qonaqların özləri toydan şəkillər, videolar çəkib sosial şəbəkələrdə paylaşdılar. Məntiqlə belə çıxır ki, Namiqin bu addımının arxasında əlçatmaz görünmək fikri dayanır. Yeri gəlmişkən, həmin məclisdə olmamışam və qapıda dayanıb Namiqi gözləyən jurnalistlər arasında da yox idim. Çünki sənətçi özü jurnalistdən onun məclisinin işıqlandırılmasını xahiş etməlidir.
Namiq demişkən, Aygün Kazımovanın da başı qalmaqallardan açılmaq bilmir. Xalq artisti ona ölkədən çıxmaqla bağlı qoyulan qadağaya rəğmən Azərbaycanı tərk edib. Guya belə bir qadağa yoxmuş. Sonradan bəlli olub ki, sözügedən qadağa qüvvəyə minmədiyi üçün Kazımova ölkəni tərk edə bilib. Hər halda yaxın günlərdə qadağanın qüvvəni, yoxsa qüvvənin qadağanı mindiyi bilinəcək. Gözləyək.

Bu günlərdə sənətçilər arasında "sonuncu dəfə hansı kitabı oxumusunuz?" sualına cavab axtarılıb. Xeyli tanınmış sənət adamı maraqlı cavablar verib. Eşitdiyi yazıçıların adını çəkib vəziyyətdən çıxanlar da olub, əsərlərin süjet xəttini təhlil edib intellektini ortaya qoyanlar da. Xatirə İslamın cavabı isə bütün fikirlərin üzərindən xətt çəkməyi bacarıb. Sitat:
"Kitab oxumağı çox sevirəm. Atam-anam müəllimdirlər. Qardaşım 700 bal ilə universitetə qəbul olub. Yoldaşım Amerikada və Azərbaycanda iki universitet bitirib. Mən də İncəsənət Universitetini bitirmişəm. Mütaliəyə münasibətim çox gözəldir, amma hazırda mütaliə etməyə vaxtım yoxdur".
Elə bilin ki, kimsə sizdən soruşur-idmanla məşğul olursunuzmu? Siz də cavab verirsiniz-idman etməyi çox sevirəm, valideynlərimin hər ikisi idmançıdır, həyat yoldaşım sambo üzrə ikiqat dünya çempionudur, qardaşım bu il idman akademiyasına ən yüksək göstərici ilə qəbul olunub, özüm də Tibb Universitetini birimişəm, amma hazırda idmanla məşğul olmağa vaxtım yoxdur.
Daha bu boyda zırıltı nəyə lazımdır? Bir kəlmə denən ki, vaxtım yoxdur, oxumuram. Nəsil-nəcabətin tərcümeyi-halı oxucuya lazım deyil axı.

Rəqsanənin qızı Aysunun açıqlamasına isə neçə gündür gah kövrəlirəm, gah ağlayıram, gah gülürəm. Bayaq da bu açıqlamaya necə qəhərlənmişdimsə, az qaldı içdiyim çay boğazımda qalsın, ölüm. Aysun deyib ki, bədənim bərkdir, hər şey(im) təbiidir, bircə saçımdan başqa.
Dəqiq bilirəm ki, Rəqsanə 1997-ci ildə ailə qurub. Aysun da nə qədər "fərasətli" tərpənsə, 1998-ci ildəndir. Yəni cəmi 17-18 yaşı var. 17 yaşlı adamın bədəni necə olmalıdır ki? Ümumiyyətlə, Aysunun bədəninin bərk, yaxud boş olması, harasının təbii, harasının silikon, harasının dəmir olması niyə maraqlı olmalıdır ki? Soruşa bilərsiniz ki, maraqlı deyilsə, sən niyə bu barədə yazırsan. Cavab verirəm - bəs belə şeylər olmasa "Həftəbecər"də nə yazacuğaaa?

Prodüser Təranə Səmədova keçmiş rəfiqəsi və iş ortağı olan müğənni Günay İbrahimli barədə maraqlı açıqlamalar verib. Məsələ belə olub ki, Təranə yayda Günaya mesaj yazıb, bildirib ki, "heç kimə işləmirəm, əgər istəsən, yenidən iş birliyimizi davam etdirə bilərik". Günay da mesajı oxuyub, cavab verməyib. Nəysə uzun sözün qısası, axırda Təranə deyib ki, "Günayı bu sənətdə bağçaya da, məktəbə də mən aparmışam, əlindən tutub, hər şeyi öyrətmişəm". Sənətdəki ali təhsilini kimdən alıb, artıq xəbərim yoxdur. Hətta İbrahimli bu yaxınlarda İnstagram-da izlədiyi hamını silib və sonra Təranədən başqa hamını geri qaytarıb.
Hörmətli Təranə Səmədova, məncə, siz nahaq yerə Günaydan inciyirsiniz. Əvvəla, çörək itirməyin qulağı, buynuzu olmur. İkincisi, Günay xanım hazırda onun sənətinə zamanında pul buraxmış şəxsin borclarını qaytarır. Ona görə də mesajı görüb cavab verməməsi, gərgin olması normaldır./milli

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ