Dekabrın 14-də Heydər Əliyev Sarayında SSRİ Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatı laureatı, ölməz korifey sənətkarımız Rəşid Behbudovun anadan olmasının 100 illiyi təntənəli şəkildə qeyd olunub.
7News.Az xəbər verir ki, tədbir Prezident İlham Əliyevin sənətkarın 100 illiyinin keçirilməsi haqqında imzaladığı müvafiq Sərəncama əsasən təşkil olunub.
Əvvəlcə tədbir iştirakçıları sarayın foyesində sənətkarın ömür yolundan və yaradıcılığından bəhs edən fotosərgi ilə tanış olublar.
Yubiley gecəsində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sənətkarın ömür yolundan və Azərbaycan musiqisinin təbliğindəki xidmətlərindən danışıb.
Bildirilib ki, əsl müğənni və sənətkar ömrü yaşamış, yaradıcılığı ilə mədəniyyət tariximizdə parlaq şəxsiyyətlərdən biri olan görkəmli sənətkar və ictimai xadim Rəşid Behbudov öz həyatı və yaradıcılığı ilə adını musiqi mədəniyyəti tariximizə əbədi həkk edib.
Diqqətə çatdırılıb ki, 1915-ci ildə Tbilisidə xanəndə Məcid Behbudovun ailəsində dünyaya göz açan R.Behbudov uşaq yaşlarından məktəb xorunda oxuyub. Təhsili dövründə tələbə özfəaliyyət orkestrində çalışıb. Rəşid Behbudov 1943-cü ilin sonunda Bakı kinostudiyasında Üzeyir Hacıbəylinin eyniadlı operettasının motivləri əsasında çəkilən "Arşın mal alan” filmində baş rola dəvət alıb. 1945-ci ildə efirə çıxan film çox tez bir zamanda nəinki Azərbaycanda, bütün SSRİ məkanında böyük populyarlıq qazanıb.
R.Behbudov uzun illər Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub. 1966-cı ildən musiqi və estrada sənətinin caz, balet, pantomim kimi müxtəlif janrlarını özündə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil edib və ömrünün sonunadək onun solisti və bədii rəhbəri olub. Hazırda bu teatr dahi sənətkarın adını daşıyır.
Rəşid Behbudov sənətinin unudulmaz əbədi olduğunu söyləyən Ə.Qarayev vurğulayıb ki, bütün yaradıcı ömrünü xalqına bağışlayan sənətkar mənsub olduğu xalqın da qəlbində əbədi yaşayacaqdır.
Tədbirin bədii hissəsi Rəşid Behbudovun öz ifasında "Azərbaycan” mahnısının videolentinin nümayişi ilə başlayıb.
Gecədə tanınmış musiqiçilər Rəşid Behbudovun repertuarından "Tələsin insanlar”, "Sevgilim”, "Alagöz”, "Bahar sənsiz”, "Əziz dost”, "Sənə də qalmaz”, "Gözəlim sənsən”, "Qızıl üzük” və digər mahnıları ifa ediblər.
Həmçinin, Rəşid Behbudovun öz ifasında lentə alınmış mahnılar yenidən təqdim olunub və alqışlarla qarşılanıb.
Sonda bütün musiqiçilər birlikdə "Azərbaycan” mahnısını səsləndiriblər.
















