Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyü yenidən dəyişdirilir.
2015-ci ilin avqust ayında yaranmış problem səbəbindən stadionda Avroliqa oyunlarını keçirən “Qarabağ” müəyyən problemlərlə üzləşmişdi.
Hətta Avropa Liqasının pley-off mərhələsində “Yanq Bozy”a qarşı keçirilən matçda meydanda ot örtüyündən əsər-əlamət qalmamışdı. Avroliqanın qrup mərhələsinin matçları bitdikdən sonra Gənclər və İdman Nazirliyi tərəfindən meydançanın torpaq qatının nümunələri laboratoriyaya göndərilib. Aparılan analizlər nəticəsində isə ot örtüyündə və torpaq qatında müəyyən xəstəliklər olduğu ortaya çıxıb. Bu səbəbdən də 2016-cı ilin fevral ayının sonlarından torpaq qatının dəyişdirilməsi işlərinə başlanılıb.
Bu gün media nümayəndələri stadionda olub. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova jurnalistləri aparılan işlərlə bağlı məlumatlandırıb. O, arena üçün ölkəmizin müxtəlif rayonlarından tonlarla torpaq gətirildiyini bildirib: “Hazırda torpaq qatının dəyişdirilməsi işləri davam etdirilir. Ölkəmizin müxtəlif rayonlarından meydança üçün təxminən 15 min kub/metr (1200 ton) torpaq gətirilib. Növbəti 1-2 həftə ərzində xüsusi texnika ilə torpaq qatının yayılması, düzləşdirilməsi və müvafiq qaydalara əsasən cərgələnməsi işlərinə başlanılacaq. Martın 22-dən sonra isə torpağa ot toxumunun səpilməsi işlərinə start veriləcək. Ot örtüyünün əmələ gəlməsi 40-45 gün vaxt aparacaq. Bununla yanaşı arenada oyunların keçirilməsi üçün bir neçə həftə lazım olacaq. Bu səbəbdən də may ayının birinci yarısında Bakıda keçiriləcək 17 yaşlı futbolçular arasında Avropa çempionatının oyunları bu arenada baş tutmayacaq. Stadionda matçların keçirilməsi isə iyul ayının əvvəlindən mümkün olacaq ki, bu da Avropa Liqası matçlarına təsadüf edəcək”.
Nazirlik rəsmisi arenadakı işlərin yerli mütəxəssislər tərəfindən həyata keçirildiyini də sözlərinə əlavə edib: “Meydançanın ot örtüyünün və torpaq qatının dəyişdirilməsi yerli mütəxəssislər tərəfindən həyata keçirilir. Aparılan bütün işlərə öz mütəxəssislərimiz rəhbərlik edir”.
Məmmədova yay aylarında yarana biləcək problemin qarşısını almaq üçün əvvəlcədən tədbirlər görüləcəyini deyib: “Biz bilirik ki, yay aylarında müəyyən problemlər ortaya çıxır. Onların qarşısını almaq üçün tədbirlər görüləcək. Mütəxəssislər bütün proseslərə nəzarət edəcəklər”. /qafqazinfo.az
7News.Az














