RU
12:32
913

"Rusiya və İran Türkiyəyə qaz satmamaqla on milyardlar itirəcək"

"Rusiya və İranın Türkiyəyə qarşı etdiyi qaz şantajı bu dövlətlərin özünə də böyük zərbələr vuracaq. Çünki həm İran, həm də Rusiya Türkiyəyə ixrac etdiyi qazdan on milyardlarla dollar qazanır. Yəni dəyənəyin bir tərəfi də Rusiya və İrana dəyəcək".

Bu fikirləri millət vəkili Zahid Oruc İranın Türkiyəyə satdığı təbii qazın həcminin azaldılmasına münasibət bildirərkən söyləyib.

Z.Oruc deyib ki, Rusiya-Türkiyə münasibətləri bu gün iqtisadi sanksiyalarla müşayiət olunur və belə demək mümkünsə, iqtisadi müharibəyə keçib. Bununla bərabər başadüşüləndir ki, Rusiya Türkiyəyə zərbə vurmaq, daxili qüvvələri Ərdoğan əleyhinə qaldırmaq, iqtisadi problemləri bir az da dərinləşdirmək, eyni zamanda Türkiyəni Yaxın Şərq planlarından daşındırmaq üçün bütün vasitələrdən istifadə edəcək:

"Artıq məlum qida məhsullarının, eyni zamanda inşaat sferasında çalışan qurumların meydanı xeyli daraldılır. Baxmayaraq ki, Putin xalqa müraciətində bildirmişdi ki, onlar türk xalqı ilə Ərdoğan arasında bərabərlik işarəsi qoymurlar, yalnız siyasi iqtidar nümayəndələri onlar üçün rəqib, hətta düşməndirlər. Amma reallıq xeyli fərqlidir. Görünür Rusiya "Mavi axın" layihəsi çərçivəsində Türkiyəyə verdiyi 25 milyard kubmetr qazı da kəsmək, Türkiyə insanlarını öz vintilindən asılı etməyə çalışır".

Türkiyənin qaza tələbatının əlli faizinin Rusiya, iyirmi faizinin İran tərəfindən ödəndiyini xatırladan millət vəkili bildirib ki, məhz bu səbəbdən Türkiyə hökuməti qazla bağlı alternativ variantlar axtarır. Prezident Ərdoğanın Türkmənistana və Qətərə səfərləri də məhz ona xidmət edir ki, Türkiyə bu qışı qaz problemi olmadan keçirsin.

Millət vəkili hesab edir ki, Türkiyə Azərbaycan və Türkmənistandan idxal etdiyi qazın həcmini də artıra bilər:

"Məsələnin başqa bir önəmli tərəfi də var. Azərbaycan qazının müəyyən qədər artırılması, Türkmənistandan alına biləcək ehtiyatlar, Əlcəzair, Nigeriya variantları hesabına Türkiyə bu durumdan çıxacaq. Amma bunun alt qatında Rusiyanın, İranın öz itkilərini hesablamaq lazımdır. Yəni bu iki tərəfi olan dəyənəkdir. Axı Rusiya da "Qazprom" xətti ilə ixrac olunmuş qazdan on milyardlarla dollar vəsait əldə edir. O cümlədə də İran. Məgər Rusiya və İranın iqtisadi durumu Türkiyədən çox yaxşıdır? Əksinə, Türkiyə açıq iqtisadiyyat siyasəti altındadır, heç bir sanksiya rejiminə məruz qalmayıb. Rusiyanın sanksiya problemi onun iqtisadiyyatna maksimum 4-5 faiz təsir göstərə bilər. Amma İran bu silahlarını hərbi-geopolitik silaha çevirib, Türkiyənin əleyhinə yönəldəcəksə, bundan İran xalqı da itirəcək, Rusiya da. Biz hələ məsələnin siyasi tərəflərindən danışmırıq. Ona görə mənə elə gəlir ki, İran ilk baxışda Rusiyanın xeyrinə müəyyən manevrlər edəcək. Sonda artıq görəndə ki, Türkiyə müxtəlif alternativ variantlarla vəziyyətdən çıxa bilir, o halda Rusiyanın qaz şantajında onun yanında olmayacaq".

Xatırladaq ki, İran Türkiyəyə gündəlik nəql etdiyi 28-30 milyon kubmetr qaz iki dəfə azaldılıb.

Rəsmi Tehran bunu ölkədəki hava şəraiti ilə əlaqələndirsə də, ekspertlər "qaz şantajı"nı İranın Rusiyanı dəstəkləməsi kimi qiymətləndirir./olke.az

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ