"Avropa İttifaqının missiyasının fonunda Azərbaycan-Ermənistan sərhəddində gərginliyin yaranmasını proqnozlaşdırmışdıq".
7News.Az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya XİN sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.
"Regionda köhnə münaqişənin həlli ilə heç vaxt məşğul olmayan digər strukturların və oyunçuların səyləri effekt verməyəcək. Biz bunu demişdik. İndi biz sabitliyin pozulmasının müxtəlif acı təzahürlərini müşahidə etməyə başlayırıq", - o bildirib.
Xatırladaq ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub.
Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun üç hərbi qulluqçusu Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub.
Azərbaycan Ordusunun gördüyü cavab tədbirləri zamanı Ermənistan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki verib.








