Moskva NATO ölkələrinin bölünməz təhlükəsizlik prinsipinə riayət edilməsinə dair kollektiv cavabını qəbul edə bilməz, o, hər bir ünvandan ətraflı cavab gözləyir.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunan bəyanatda deyilir.
Xarici İşlər Nazirliyi xatırladıb ki, fevralın 10-da NATO-nun Baş katibi Yens Stoltenberq və Avropa diplomatiyasının rəhbəri Cosep Borrell Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Qərb ölkələri tərəfindən bərabər və bölünməz təhlükəsizlik prinsipinin həyata keçirilməsinə dair 28 yanvar tarixli məktubuna cavab göndərib.
Eyni zamanda, Lavrovun məktubu Avropa və Şimali Amerikanın 37 dövlətinin xarici işlər nazirlərinə ünvanlanıb və orada xüsusilə vurğulanırdı ki, Moskva milli miqyasda ətraflı cavab gözləyir.
"Ona görə də biz "qarşılıqlı məsuliyyəti” xatırladan "kollektiv” cavabı qəbul edə bilmərik. Hər bir müraciət edəndən verdiyimiz suala ətraflı reaksiya gözləyirik”, - bəyanatda bildirilib.
Rusiya Xarici İşlər Nazirliyi Stoltenberq və Borrellə müraciət edilmədiyini vurğulayıb: "Təhlükəsizliyin bölünməzliyi prinsipini özündə əks etdirən ATƏT və Rusiya-NATO sənədlərində müvafiq ölkələrin dövlət və hökumət başçılarının imzaları var. ATƏT-də dövlətlər milli keyfiyyətdə iştirak edirlər və məhz bu keyfiyyətdə öz təhlükəsizliyini başqalarının təhlükəsizliyi hesabına gücləndirməməyi öhdələrinə götürüblər”.
7NEWS.Az








