Üstündə ciddi rejimli koloniyadan azadlığa çıxmasına dair arayış tapılıb.
Fevral ayında Rusiyanın Peterburq şəhərinin Nevsk rayonunda 53 yaşlı azərbaycanlı Yusif Gebeyev naməlum şəxslərin açdığı atəş nəticəsində öldürülüb.
7News.Az Lifenews-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları əməkdaşları Yusif Gebeyevin qətlinin 13 il bundan öncə baş vermiş qətl hadisəsi ilə bağlı olduğunu müəyyən ediblər.
Cəsədin üzərinə baxış zamanı onun Lipetskdəki sərt rejimli cəzaçəkmə müəssisəsindən 2015-ci il dekabrın 12-də azadlığa çıxdığına dair arayış çıxıb.
Lipetsk vilayətinə göndərilən sorğudan məlum olub ki, Gebeyev 2003-cü ildə Moskvada törətdiyi qətlə görə həbsdə yatıb. İstintaq hesab edir ki, onun qətli də məhz 13 il əvvəlki cinayətlə bağlıdır.
“2003-cü ildə Moskvanın şimal-şərqində 33 yaşlı azərbaycanlı Şamil Məmmədovun cəsədi tapılıb, - mənbə istintaqda bildirib. – Yaraların xarakteri qətlin bilərəkdən törədildiyini göstərirdi”.
Məlum olub ki, Məmmədov xırda parakəndə ticarət köşklərinə “nəzarət” edib və naməlum şəxslərlə ərazinin bölüşdürülməsinə dair danışıqlar aparıb. Onun BMW avtomobilini dəfələrlə Moskvanın Korneyçuk küçəsində görüblər. 2003-cü ilin aprelində Məmmədov həmin küçədə güllələnib.
Naməlum şəxslər onu əvvəlcə kürəyindən bıçaqlayıblar, daha sonra “Makarov” tapançasından sinəsindən və çiynindən üç güllə vurublar. Axırıncı gülləni isə başına sıxıblar.
Həmin qətlə görə Moskvada qeydiyyatda olan və qanuni yaşayan Gebeyev tutulub.
Məhkəmə onu qətldə təqsirli bilib və 12 il həbs cəzası verib. Azadlığa çıxandan sonra Gebeyev Peterburqa gedib. Lakin belə görünür ki, Məmmədovun qətlinə görə qisas almaq istəyənlər onun hara getdiyini bilirdi...
Gebeyev fevral ayının 12-də Podvoysk küçəsində yerləşən 14 saylı evin qarşısında güllələnib.








