Bakı Apellyasiya Məhkəməsində Qobustan rayon sakini Səid İlyasovun CM-nin 144-1.2.1, 144-1.2.5, 144-1.2.7, 144-1.2.8-ci (insan alveri iki və ya daha çox şəxs barəsində törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə, həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə törədildikdə, zərərçəkmiş şəxsə işgəncə verməklə və ya onunla qəddar, qeyri-insani, yaxud onun ləyaqətini alçaldan rəftar etməklə törədildikdə) və 144-2.2.1, 144-2.2.6-cı maddələri (məcburi əmək iki və ya daha çox şəxs barəsində törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
7news.az xəbər verir ki, cinayət işinin materiallarına görə, 14 Azərbaycan vətəndaşı mütəşəkkil cinayətkar dəstənin qurbanı olub. Səid İlyasov qardaşları Əvəz və Rzabala ilə birlikdə qabaqcadan əlbir olaraq insan alveri ilə pul qazanmaq qərarına gəliblər. İstintaqın müəyyən etmədiyi Oleq adlı şəxsin tapşırığı ilə Əvəz İlyasovu 23 noyabr 2011-ci il tarixdə Rusiyadan Azərbaycana qurban toplamaq üçün göndəriblər. Həmin ilin dekabr ayında o Binəqədi rayonunun Biləcəri qəsəbəsinə gələrək burada 14 nəfər könüllü tapıb, işçilərə Samara vilayətinin Alekseyevka qəsəbəsində 500 dollar əmək haqqı və yaxşı yaşayış şəraiti vəd edilib. Qısa müddət ərzində qurbanlara xarici pasport düzəldiblər, qatara bilet alıblar və dekabrın 10-da Ə.İlyasov onları Bakı-Tümen qatarı ilə yola salıb. Oradan həmin şəxsləri Alekseyevka qəsəbəsinə gətiriblər. Burada Rzabala İlyasov həmyerlilərini qarşılayaraq onların pasportlarını əllərindən alıb, Səid İlyasovu isə onlara nəzarətçi təyin ediblər. Bu şəxsləri kiçik otağa salıblar, hüquqlarını elan ediblər, qonşularla əlaqəyə girməyi qəti qadağan ediblər. Onları donuz fermasını təmizləməyə və heyvanlara baxmağa vadar ediblər.
2012-ci ildə DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşları tərəfindən Səid, bir müddət sonra isə Əvəz İlyasovlar həbs olunub.
2013-cü il fevralın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səid İlyasov 8 il 6 ay, Əvəz İlyasov isə 9 il müddətinə azadlıqdan məhrum olunublar. Hazırda yalnız Rzabala İlyasov azadlıqdadır və onun barəsində İnterpol xətti ilə axtarış elan edilib.
Hökmdən məhkum S.İlyasov və onun müdafiəçisi apellyasiya şikayətləri veriblər.
Bakı Apellyasiya Məhkəməsi işi araşdıraraq birinci instansiya məhkəməsinin hökmünü ləğv edib və qərarə əsasən təqsirləndirilən şəxsin üzərində 3 il azadlıqdan məhrumetmə cəzası saxlanılıb.








