Rusiya Federasiya Şurasının Buryatiyadan olan üzvü Arnold Tuloxonov Buryatiyada Azərbaycanın üçüncü prezidenti Heydər Əliyevə abidə ucaldılması təşəbbüsü ilə çıxış edib.
7news.az-ın Azərtac-a istinadən məlumatına görə, A.Tuloxonov fevralın 12-də mətbuat konfransında deyib: “Bunun bir səbəbi odur ki, Heydər Əliyev SSRİ hökumətinin baş nazirinin birinci müavini vəzifəsində çalışarkən Baykal-Amur Magistralı tikintisinə kuratorluq edib. Bu, həm dostluq, həm də minnətdarlıq rəmzi olacaq”.
“Abidə Severobaykalskda qoyulmalıdır və xalqlar dostluğuna, Baykal-Amur magistralının (BAM) tikintisinə həsr edilməlidir”, - deyən A.Tuloxonov xatırladıb ki, bu il BAM-ın Azərbaycandan olan inşaat dəstəsi tərəfindən tikilmiş “Anqoya” stansiyasına ilk qatarın gəlməsindən 35 il keçir.
7news.az








