SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri yanvarın 27-də Türkiyədə səfərdə olub.
7news.az SOCAR-ın saytına istinadən xəbər verir ki, səfər çərçivəsində R.Abdullayev Türkiyənin enerji və təbii qaynaqlar naziri Berat Albayrakla görüş keçirib. Türkiyənin enerji sektorunda SOCAR-ın həyata keçirdiyi layihələrin əhəmiyyəti qeyd olunub, planlaşdırılan işlərin qrafikə uyğun icra edildiyi bildirilib. TANAP-ın inşası işlərinin, eyni zamanda Petkim yarımadasında həyata keçirilən layihələrin vaxtında və yüksək keyfiyyətlə başa çatdırılacağına əminlik vurğulanıb.
R.Abdullayev Türkiyəyə səfəri çərçivəsində Transanadolu qaz boru kəməri - TANAP konsorsiumunun İdarə Heyətinin iclasında da iştirak edib.
İclasda layihə üzrə 2015-ci ildə həyata keçirilmiş işlərin yekunu və cari ildə qarşıda duran vəzifələr müzakirə olunub. Bildirilib ki, kəmərin inşası ilə əlaqədar fəaliyyət planauyğun surətdə uğurla davam etdirilir. 2016-cı il üçün layihə çərçivəsində görüləcək işlər haqqında fikir mübadiləsi aparılıb, zəruri sənədlər təsdiqlənib.
7news.az








