Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ABŞ-ın təhlükəsizlik danışıqlarının mövzusunu dəyişmək cəhdlərini strateji yanlış hesablama adlandırıb.
7NEWS.Az-ın məlumatına görə, "Birinci Kanal”-ın efirində çıxış edən Rusiya XİN başçısının müavini bildirib ki, Moskva Vaşinqtonla Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsi (DSNV) üzərində işləməyə hazırdır.
"Əgər amerikalılar dialoqu bərpa etməyə hazırdırlarsa, əlbəttə ki, biz bunu edə bilərik, biz bunu etməkdə, həmçinin müəyyən pauzanın olduğu DSNV çərçivəsində işləməkdə qərarlıyıq. Hər şey Vaşinqtondan asılıdır”, - deyə rusiyalı diplomat vurğulayıb.
Rusiyanın ötən ilin dekabrında dərc olunmuş Avro-Atlantikada təhlükəsizliklə bağlı təkliflərinə toxunan S. Ryabkov qeyd edib ki, vəziyyət kökündən dəyişdiyi üçün onların tam qüvvədə qalması ehtimalı azdır.
O, Vaşinqtonun Rusiya Federasiyası ilə təhlükəsizliklə bağlı danışıqlarda gündəmi dəyişmək cəhdlərini strateji səhv hesablama adlandırıb. Nazir müavini əlavə edib ki, Rusiya ilə ABŞ arasında təmaslar kəsilmir və davamlı olaraq davam edir: "Rusiyadan birtərəfli güzəştlər olmayacaq. Ötən illər ərzində biz daim vurğulamışıq ki, Rusiya tərəfdən heç bir birtərəfli güzəşt yoxdur və ola da bilməz".
7NEWS.Az








