Qazaxıstanın Aktau şəhərində "Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində xəsarət alan 27 nəfər xəstəxanaya yerləşdirilib.
Bu barədə Qazaxıstan Fövqəladə Halllar Nazirliyindən bildirilib.
"Təyyarədə ümumilikdə 67 nəfər, o cümlədən, 5 ekipaj üzvü olub. Zərərçəkənlərlə bağlı məlumatlar dəqiqləşdirilir. İlkin məlumata əsasən, 25 nəfər sağ qalıb, onlardan 22-si xəstəxanaya çatdırılıb. Ümumilikdə qəza yerinə 150 nəfər şəxsi heyət, 45 texnika, Fövqəladə Hallar Departamenti, Müstəqil Dövlət Yanğınsöndürmə Xidməti və Yol Polisinin qüvvələri cəlb edilib. Sərnişin siyahıları dəqiqləşdirilir", - deyə qurumun məlumatında qeyd olunub.
Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.
xxx
"Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.
Qazaxıstan mətbuatına istinadən verdiyi məlumata görə, Aktauda qəzaya uğrayan təyyarədə 14 nəfər sağ qalıb.
Məlumata görə, 14 yaralı Manqistau regional xəstəxanasına çatdırılıb, onlardan 5-i ağır vəziyyətdədir. /APA
xxx
Bakıdan Qroznıya uçan təyyarənin Aktauda qəzaya uğramasından sonra azı 6 nəfər sağ qalıb.
Bunu Qazaxıstanın səhiyyə naziri Akmaral Alnazarova deyib.








