Braziliyada adı korrupsiya qalmaqalında hallanan sabiq prezident Lula da Silva baş qərargah rəisi təyin edilib.
7News.az xarici mətbuata istinadən xəbər verir ki, bir müddət əvvəl haqqındakı ittihamlarla bağlı polis nəzarətinə götürülən keçmiş dövlət başçısının yeni vəzifəsi ölkədə birmənalı qarşılanmayıb.
Sakinlər düşünür ki, hökumət Lula da Silvanı məhkəmə prosesindən uzaq tutmaq üçün ona ali vəzifə verib. Prezident Dilma Rusef bu ittihamları təkzib edir. Ölkənin bir neçə şəhərində etiraz aksiyalarına start verən sakinlər isə həm sabiq, həm də indiki ölkə başçısının əleyhinə şüarlar səsləndirib. Bu ərəfədə, Dilma Ruseflə Lula da Silva arasında baş tutan telefon danışığının ictimaiyyətə sızması narazılığı daha da alovlandırıb. Telefon danışığında Rusef, Silvanı polis nəzarətindən azad etmək üçün onu vəzifəyə təyin edəcəyindən danışıb.








