Milli Məclisin sədri Sahibə Qafarova martın 16-da Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zakari Qrosla görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən 7NEWS.Az-a verilən xəbərə görə, spiker bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün tamam olduğunu bildirərək, ikitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli səfərlər və görüşlərin xüsusi rolunu qeyd edib.
Hazırda Azərbaycan və Fransa arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə münasibətlərin mövcud olduğunu deyən Milli Məclisin sədri qeyd edib ki, bu istiqamətdə daha böyük potensial mövcuddur. S. Qafarova ölkəmizlə Avropa İttifaqı arasında əməkdaşlıq haqında da məlumat verərək bildirib ki, bu sahədə geniş və səmərəli əməkdaşlıq var. O, Azərbaycanın Avropa İttifaqı ilə bərabərhüquqlu tərəfdaşlığa əsaslanan münasibətləri inkişaf etdirməkdə maraqlı olduğunu diqqətə çatdırıb. Spikerin sözlərinə görə, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Tərəflər arasında enerji sahəsində əməkdaşlıq strateji xarakter daşıyır. Azərbaycan neftlə yanaşı, həm də Avropanın etibarlı qaz tədarükçüsünə çevrilib.
İkitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin əhəmiyyətindən danışan Sahibə Qafarova hər iki ölkənin qanunverici orqanlarında dostluq qruplarının fəaliyyət göstərdiyini bildirib və bu çərçivədə 2020-ci və 2021-ci illərdə Fransadan olan parlament nümayəndə heyətlərinin ölkəmizə səfərlər etdiklərini, bu səfərlər çərçivəsində Gəncə şəhərində və Ağdam rayonunda olduqlarını xatırladıb. O deyib ki, fransalı parlamentarilərin ölkəmizə münasibətdə obyektiv olması və real faktlara istinad etməsi baxımından belə səfərlər vacib rol oynayır.
Görüşdə Milli Məclisin sədri Avropa Parlamentinin 10 mart 2022-ci il tarixli qərəzli qətnaməsinə də toxunaraq, vurğulayıb ki, bu qətnamə tamamilə Ermənistanın və Avropa Parlamentindəki erməni lobbisinin bəslədiyi yalan məlumatlara əsaslanır, Azərbaycan torpaqlarının 30 illik işğalından irəli gələn reallıqları təhrif edir. Spiker deyib ki, Avropa Parlamentinin bu qətnaməsi Aİ rəhbərliyinin Cənubi Qafqazda sülhün, sabitliyin və təhlükəsizliyin qorunması istiqamətində son vaxtlar göstərdiyi səylərə də tamamilə ziddir.
Söhbət zamanı spiker Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük Qələbə haqqında məlumat verib.
Fransanın Azərbaycandakı səfiri Zakari Qros ölkəsinin Azərbaycan Respublikası ilə münasibətlərin inkişafına böyük önəm verdiyini deyib. Səfir iki ölkə arasındakı dialoq və münasibətlərə toxunub, iqtisadi, humanitar və təhsil sahələrində əməkdaşlığı qeyd edib.
Regionda sülh və təhlükəsizliyin təmin olunmasından danışan səfir Z.Qros nəqliyyat və kommunikasiya layihələri, "Şərq-Qərb" nəqliyyat dəhlizinin əhəmiyyətindən danışıb.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər barəsində də fikir mübadiləsi aparılıb.
7NEWS.Az








