Bakı Ağır Cinayətlər Məhkəməsində Qaradağ rayon sakini Zaur Tərlanovun (1984-cü il təv.) CM-nin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
7news.az xəbər verir ki, dövlət ittihamçısı ittiham aktıbı elan edəndən sonra Zaur Tərlanov sərbəst ifadə verib. O, ittiham üzrə özünü təqsirli hesab etməyərək, qeyd edib ki hadisə zamanı özünü yalnız müdafiə edib.
Təqsirləndirilən şəxs ifadəsində Rəhimov qardaşları tərəfindən dəfələrlə təhqir olunduğunu bildirib. “Mənim yerimdə kim olsaydı, bu hadisəni törədərdi. 4 ay müddətində hər gün təhqir olunmuşam, dəfələrlə qabağımı kəsiblər. Mənim Cavidlə münasibətim olub, qardaşını isə tanımamışam, heç tanımaq da istəməmişəm. Cavidlə çayxanada tanış olmuşuq, hətta onun toyundada iştirak etmişəm. Özüm qəsəbədə fəaliyyət göstərən bank filialında işləyirdim. Onların anaları Nigar Rəhimovanı da tanıyrıdım. Bizim banka gəlib, bir neçə dəfə kredit alıb".
Sonra Zaur Tərlanov prokurorun suallarını cavablandırıb. “Qəsəbədə yerləşən çayxanada Anar adlı dostumla oturmuşdub, Cavid zəng eləyib dedi ki, pul lazımdır, ona görə saatımı və idman velosipedimi satıram. Mən də dedim alıram”. Onun sözlərinə görə, bir az keçmiş İki qardaş içəri girib və onunla söhbətləri olduğunu deyiblər. "Maşınlara minib dal-qabaq dəniz qırağına getdik. Cavidlə Cahid düşüb, mənim maşınımın yanına gəldilər və söyərək, tələd elədilər ki, mən də düşüm. Qorxumdan, qapıları bağladım. Maşında silahım var idi, bir müddət əvvəl qanuni sənədlər əsasında almışdım, ara bir dayıma məxsus fermada istifadə edirdim. Maşından düşdüm və silahı nümayiş etdirərək, onlara xəbərdarlıq elədim ki, yaxın gəlməsinlər. Amma Rəhimovlar yenə də söyüşlər söyərək, dedilər ki, güllə atmağa hünərim çatmaz. Sonrası yadımda deyil, bir orası yadımdır ki, ordan qayıdanda post-patrul maşını gördüm və yaxınlaşaraq, onlara hadisəni danışdım. Tərlanov Rəhimov qardaşlardan birinin əlində tapanca, digərində isə bıçaq olmasını qeyd edib. “ Mən prokurorluğda müstəntiqə bu barədə desəm də, o mənə, hadisə yerinin müayinəsi zamanı silahlar aşkar olunmadığını bildirib. Hesab edirəm ki, onlar məni qəsəbə kənarına öldürməyə aparıblar”.
Daha sonra təqsirləndirilən şəxs vəkillərin suallarına cavab verib.
İttiham aktına görə, bu il yanvarın 8-də saat 17 radələrində Qaradağ rayonun Sahil qəsəbəsində yaşayan Zaur Tərlanov aralarında şəxsi münasibətlərin pozulması zəmnində yaranan mübahisə zamanı özünə məxsus “Vinçester” markalı odlu silahdan Sahil qəsəbəsinin girişində, yolun kənarında dayanmış “Lexus” markalı avtomobilin içərisində oturmuş həmin qəsəbə sakinləri Cahid Rəhimov (1980-ci il təv.) və qardaşı Cavidə (1985-ci il təv.) bir neçə dəfə atəş açaraq, onları qəsdən öldürüb və hadisə yerindən qaçıb. Daxil olmuş məlumat əsasında hadisə yerinə və meyitlərə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanaraq, müvafiq ekspertizalar təyin edilib. Həmin gün Z.Tərlanov Qaradağ RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq, istintaqa cəlb edilib. İlkin məlumata əsasən, dindirmə zamanı, saxlanılan şəxs cinayəti qısqanclıq zəmnində törətdiyini bildirib. Məlum olub ki, Zaur Tərlanov Qaradağ rayonunda yerləşən "Bank Standard"ın əməkdaşı olub.
Məhkəmənin növbəti iclası noyabrın 2-ə təyin edilib.














