RU
Saxta dollar satan Belçika vətəndaşları 10 il müddətinə cəzalandırılıblar
11:03
359

Saxta dollar satan Belçika vətəndaşları 10 il müddətinə cəzalandırılıblar

Bakı Ağır Cinayətlər Məhkəməsində Belçika vətəndaşları Maput Martial və Hongla Samuelin CM-nin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 204.3.2-ci (külli miqdarda saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

7news.az xəbər verir ki, bu il aprelin 3-də DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən əməliyyat məlumatı əsasında Kamerunda anadan olmuş Maput Martial və Hongla Samuel 10 min saxta ABŞ dollarını 5000 dollara satarkən saxlanılıblar, onların Xırdalan şəhərindəki kirayədə yaşadıqları evdən əlavə 10 min saxta dollar, bir ədəd rəngli printer və müxtəlif kimyəvi maddələr aşkar edilərək götürülüb. İstintaqın gedişatında, onların Azərbaycanda keçiriləcək Yay Avropa Oyunları qabağı çoxsaylı turistlərin gələcəyini və xarici valyutanın daha çox istifadə olunacağını nəzərə alaraq, saxta dollar hazırlamaq və dövriyyəyə buraxaraq külli miqdarda gəlir əldə etmək niyyətində olduqları müəyyən edilib.

Məhkəmə prosesində təqsirləndirilən şəxslər ittiham üzrə özlərini təqsirli hesab etməyiblər. Hongla Samuel heç vaxt saxta pul alveri ilə məşqul olmadığını bildirib: “Mənim Azərbaycana, onların vətəndaşlarına hörmətim var. Bunların hamısı uydurma ittihamlardır. Vicdanıma and içirəm ki, biz elə şey eləməmişik. Əgər dollar alveri ilə məşğul olsaydıq, elə oturub Belçikada bu işi edərdik”.

Prosesdə əməliyyat tədbirini həyata keçirən polis əməkdaşları ifadə verərək, təqsirləndirilən şəxslərdə külli miqdarda pul aşkar etdiklərini
təsdiq ediblər.

Dövlət ittihamçısı çıxış edərək hər iki şəxsin 11 il müddətinə azadlıqdan məhrum edilməsini və cəzalarını çəkib, qurtarandan sonra ölkədən deportasiya olunmasını istəyib.

Son sözlə çıxış edən Hongla Samuel və Maput Martial məhkəmədən onları bağışlamalarını və barələrində bəraət hökmü çıxarılmasını xahiş ediblər. Samuel 50 yaşı və üç uşağı olduğunu deyib : "Özüm uşaq olanda ata-anamı itirmişəm, indi ittihamları qəbul edirəm". Martial isə 8 yaşlı uşağı olmasını və onunla, yaşlı anasına baxdığını bildirib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ