RU
Saxta vəkil məhkəmədə iştirak etmək istədi - İfşa olundu - FOTO
15:30
26

Saxta vəkil məhkəmədə iştirak etmək istədi - İfşa olundu - FOTO

Xəzər Rayon Məhkəməsi saxta vəkilliklə məşğul olan şəxsi ifşa edib. 

Məhkəmənin icraatında olan işə baxılarkən Əlioğlu Bayram Qardaşəli oğlu iddiaçının "vəkil"i qismində məhkəmə iclasında iştirak etməyə cəhd göstərib.

Məhkəmə baxışı zamanı həmin şəxs "vəkil" mantiyasında olub və sonradan saxtakarlığı müəyyən olunan "order"i məhkəməyə təqdim edib. Lakin onun hərəkətləri işə baxan hakimdə şübhə yaratdığına görə təqdim etdiyi "order" yoxlanılıb, həmin "order"in həqiqi olmadığı müəyyən edilib. Həmçinin Vəkillər Kollegiyası ilə əlaqə saxlanılaraq bu adda vəkilin kollegiyanın üzvü olmadığı dəqiqləşdirilib. 

Eyni zamanda araşdırma ilə müəyyən edilib ki, B.Əlioğlu Xəzər Rayon Məhkəməsində olmayan tələb üzrə saxta qətnamə də tərtib edib. Belə ki, saxta qətnaməni  məhkəməyə təqdim edərək icraya yönəldilməsini xahiş edib. Lakin məhkəmə tərəfindən sözügedən qətnamə üzrə mülki iş axtarılıb, ümumiyyətlə belə bir işin icraatda olmadığı müəyyən olunub. 

Nəticədə şəxs barəsində Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanılaraq, həbs-qətimkan tədbiri seçilib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ