110 saylı seçki dairəsinin deputatı Elşən Musayev Zaqatalada görüşlər keçirib.
Millət vəkili rayonun təxminən 20-yə yaxın kəndində olub, seçiciləri dinləyib, onları narahat edən problemlərlə maraqlanıb.
Elşən Musayev təəssüratlarını aktual.az-a bölüşüb:
"Növbəti səfərlərimdən biri idi. Son dərəcə məhsuldar keçdi. Əziz seçicilərimi görmək, onlarla daha sıx təmasda olmaq hər zaman xoşdur. Digər tərəfdən isə bu mənim vəzifə borcumdur. Təbii, insanları narahat edən bir çox məsələlər, şəxsimə ünvanlanan çoxlu sayda suallar var. Çalışıram, hər birinə dürüstcə cavab verim.
Mən seçicilərimlə dostam. Bizim aramızda heç bir şablon, trafaret münasibət, rəsmi ünsiyyət yoxdur. Böyük ailə kimiyik. Çay masasında otururuq, söhbətləşirik, dərdləşirik. Əlimdən nə gəlirsə, səlahiyyətim, gücüm nəyə çatırsa həmin səviyyədə onların işinə yarımağa çalışıram. Maksimum çalışıram ki, mənə ərk eləsinlər, özlərindən biri kimi, yaxınları kimi, doğmaları kimi baxsınlar. Və düşünürəm, buna qismən də olsa nail olmuşam. Məsələn, bir ay bundan öncə seçicimin biri məni elçiliyə çağırmışdı. Digər seçicim isə xahiş eləmişdi ki, övladının adını mən qoyum. Yəni, bəzən gözlənilməz təkliflərlə də üzləşirəm. Amma demək rahatdırlar ki, ürərklərindən keçən arzuları deməyə çəkinmirlər. Bu isə mən xoşdur.
Bütün zaqatalalılarla və onların timsalında millətimlə, dövlətimlə fəxr edirəm. Həyatda ən böyük arzularımdan biri seçildiyim bölgənin insanlarının etimadını doğrultmaqdır”








