RU
Şəhid atası: “Güllələr zəhərli idi”
14:47
2628

Şəhid atası: “Güllələr zəhərli idi”

"Qızım haqqında yanlış fikirlər yayımladılar”

Larisa Məmmədova 1977-ci ildə Bakı şəhərində anadan olmuşdu. Ailədə 5 nəfər idilər. Həmin gün isə vəziyyət çox gərgin idi. 13 yaşlı ərköyün qızcığaz atası ilə onun iş yerinə getmək istəyirdi. Anası da getmə deyə, çox təkid elədi, amma onu razı sala bilmədi. Atası Fərman kişi də qızının əlindən tutaraq onu işlədiyi L.Şmidt adına zavoda aparmaq qərarına gəlir. Lakin elə yoldaca Sovet ordusunun əsgərləri onların getdiyi avtobusu gülləbaran edirlər. Azyaşlı Larisa ürəyindən aldığı güllə yarasından elə yerindəcə dünyasını dəyişir. Atası Fərman kişi də ağır yaralanır. Müsahibimiz 1990-cı il 20 ynvar hadisələrinin canlı şahidi, 20 Yanvar şəhidi Larisanın atası Fərman Məmmədovdur. 

"Həkimlər ayağımı kəsmək istəyirdi”

-Bir neçə gündür müsahibə üçün can atsaq da səhhətində olan nasazlıq səbəbi ilə ləngidi müsahibəmiz. Nəhayət bu günlərdə xəstəxanadan çıxdınız. Səhhətinizlə bağlı problem nə idi Fərman dayı? 

-O vaxt qızımla avtobusda bizi gülləbaran etdilər. Qızım dünyasını dəyişdi, mən də ağır yaralandım. Güllə ayağıma dəymişdi. Onlar xüsusi zəhərli güllələr idi. Güllə ayağımın iki sümüyünü qırmışdı. O vaxt həkimlər ayağımı müayinə etdilər, dedilər ki, çox güman ki, kəsəcəyik. Çünki sümüklər ovulmuşdu. Birləşmə ehtimalı yox idi. İnanın ki, möcüzə baş verdi və birləşdi o sümüklər. O vaxtın həkimləri də peşəkar idilər. Doğru müayinə etdilər birləşdi. Amma indi bir neçə aydan bir qanıma zəhərlənmə verir. Ya gərək ayağımda qalan o qəlpələr kəsilib götürülsün, ya da gərək qan köçürülsün. Qəlpələr o qədər xırdadır ki, gərək ayağımın ətinin bir hissəsi tamamilə kəsilsin. Həm də şah damarım da zədələnib. Şah damarı da kəsmək mümkün deyil, həkimlər icazə vermirlər. Ona görə də qan köçürürlər. Qanköçürmə institutundaydım. Sağolsunlar, hər cür zəhmətimi çəkdilər. Hər 5-6 aydan bir qan vurulmalıdır mənə. 

-Keçən il müsahibənizdə demişdiniz ki, sizə ev veriləcək. Verildimi? 

-Yox, hələ ev verilməyib. Hal-hazırda 3 ailə bir evdə yaşayırıq. Qızımın, oğlumun ailəsi və mənim ailəm. Çətindir bu qədər insanın bir evdə yaşaması. Nəvələrim də artıq böyüyür. Mən o vaxtdan ev növbəsindəyəm, söz veriblər ki, sizə ev veriləcək. Hələ ki, gözləyirik, görək axırımız necə olur. 

"Larisa yalvardı ki, insanların arasında olmaq istəyirəm”

-Fərman dayı, o gecə siz vəziyyətin yaxşı olmadığını bilirdiniz, niyə qızınızla getdiniz? 

-Xalq ayağa qalxıb, meydana çıxmışdı. O ərəfədə qızım anasına deyirdi ki, "peraşki” bişir camaata paylayaq. Larisa, insanlara qarşı çox mərhəmətli idi. O vaxt mən avtodəstənin rəisi işləyirdim, avtobuslara nəzarət edirdim. Hadisə baş verən gecə insanlar küçələrə tökülmüşdü. İşi təhvil verəndən sonra insanları pulsuz daşıyırdıq. Larisa ağlayıb deyirdi ki, camaatın hamısı çöldədir, onların yanına getmək istəyir. Həyat yoldaşım Larisanın mənimlə getməsini istəmirdi. Uşaq olsa da, hər şeyi dərk edirdi. Mən də onu özümlə apardım. Avtobusda əyləşmişdik. İnsanlar danışırdılar ki, rus əsgərləri zavoda girib, oranı dağıdır. Hadisəni eşidən insanlar da avtobusa mindilər ki, zavoda getsinlər. Zavoda çatmamış rus əsgərləri avtobusa atəş açdılar. Təkər partladığı üçün avtobusu oradan çıxara bilmədik. Əsgərlər avtobusa minib, hamımıza atəş açdılar, məni də aşağı düşürdülər. Güllə Larisaya da dəymiş, o yerində keçinmişdi, mənim isə bundan xəbərim yox idi. Sonra əsgərlər onu qucaqlarına alıb, apardılar. Yaralı olduğum üçün 1 saylı Klinik Xəstəxanaya yerləşdirildim, orada dedilər ki, Larisa şəhid olub. 

"Avtobusların üstündən tankları sürürdülər”

-Həmin günlərdə hansı proseslər baş verirdi? 

-O vaxtlar bir demokratiya vardı. Hər kəs küçələrə çıxıb öz haqqını tələb edirdi. Bizim də işimiz o idi ki, insanları yolda qoymayaq. Gecə saat 1-2-yə qədər çalışırdıq ki, insanlara xidmət edək. Biz pulsuz- parasız xidmət göstərmişik. Meydanda olmağa vaxtımız yox idi, tez-tez maşınlarımızın qarşısını rus əsgərləri kəsirdi deyə ora-bura getməli olurdum. Meydanda nələrin baş verdiyini tam dəqiqliyi ilə bilmirəm. 

-Deyirdilər həmin gecə meydanda toplaşanlarda silah olub. Bilirsinizmi?

-Mənim milis dostlarım vardı. Həmin gün onlardan silahlarını da almışdılar. İşə də çıxmamışdılar. Hətta milisdə silah olmayıb. Nəinki adi insanlarda. Bu birbaşa olaraq yalan söhbətdi. Kim deyirsə, silah olub, gözünün içinə qədər yalan deyir. Saat 11-də komendant saatı elan olundu. Amma 01.00-ə qədər komendant saatını pozub camaata atəş açdılar. Avtobuslarımızın hamısını tanklar əzib üstündən keçmişdi. Barrikadalar qurmuşdular maşınlarla. Hamısını dəlik-deşik etdilər, gülləbaran etdilər. 

-Telekanallarda yanvar hadisələri haqqında deyilənlər həqiqətdirmi?

-Düzünü desəm, mən yerli telekanallara baxanda əsəbiləşirəm. Mənə ANS telekanalının vurduğu zərbəni heç kim vurmayıb. Mənim azyaşlı qızım o vəhşilər tərəfindən amansızcasına güllələnib öldürüldü, bunlar isə film çəkdilər, "Qara yanvar”. Qızım haqqında yanlış fikirlər yayımladılar. Nəinki mənim qızım barəsində çəkdikləri, heç həmin prosesləri də obyektiv canlandırmamışdılar. Guya xalqda silahlar var, rus əsgərlərini bizimkilər öldürür, meydandakılar hamısı qeyri-ciddi, kefli insanlardılar. Azərbaycanı tanımayan yad biri o filmə baxsa, fikirləşərdi ki, bunlar qeyri-ciddi insanlardılar. Bu gün ANS telekanalı yoxdur. Amma mən onlar kimi xain, məkrli deyiləm, sevinmirəm kanalın bağlanmasına. İnanın, şükür edirəm ki, o kanalın işçiləri digər telekanallarda iş tapırlar. Onların da ailələri var, övladlarına çörək qazanmaq üçün çalışırlar. 
-Vahid Mustafayevi məhkəməyə vermişdiniz.

Sonu necə oldu? 

-Məhkəməyə artıq müraciət etmək ərəfəsində idik. Hazırlaşırdıq, amma sonradan proseslər qarışdı. Bizdə də bəzi problemlər oldu, telekanalı da bağladılar. Hirsim soyudu. Onu Allah özü cəzalandırdı. Daha mənim məhkəməyə müraciət etməyimə ehtiyac olmadı. 

"İnsanlarımız çox dəyişib”

-Bəs bu 27 ildə nələr dəyişdi? -Çox şey dəyişdi. İnsanlar, şəhərimiz, dünyamız...Əvvəl insanlar birləşə, sözlərini deyə, haqlarını tələb edə bilirdilər. Amma indi laqeydlik, biganəlik baş alıb gedir. Əvvəl rus tankının qabağına uzanırdı gənclər. Amma indi bir rus azərbaycanlını yolda döysə, heç kim öz həmyerlisini rusun əlindən almaz. Şəhərimiz dəyişib, hər yer abadlaşıb, gözəlləşib. Bakı Avropa şəhələri ilə ayaqlaşır. Amma iqtisadiyyat da çox dəyişib. Böhrandı ölkəmizdə, maaşlar azalıb, pensiyalar gecikdirilir. Hər şeyin qiyməti qalxıb, ailə saxlamaq çox çətinləşib. Əvvəl işsiz daha az idi, hamı işləyirdi, qazanırdı. Amma indi iş yerləri demək olar ki, yoxdur, olanlar da bağlanır yavaş-yavaş. O vaxtlar mən də vəzifədə olmuşam. Vəzifədə olanlar bir neçə il sonra getmək istəyirdi, onun yerinə də gəlmək istəyənlər olurdu. İndi vəzifəyə gələn getmək bilmir, onun yerinə gəlmək istəyənləri də sıradan çıxarırlar.//cebhe.info

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ